“Sumqayıt” qarşıdakı mövsümü klubdaxili müharibəyə həsr edəcək. Ona görə bu komandadan yaxşı nəticə gözləməyə dəyməz.

İndiyədək klub prezidenti Riad Rəfiyevlə baş məşqçi Samir Abasov mehriban düşmən kimi yola davam edirdilər. Məşqçinin minimal şərtlərlə maksimum nəticəni bacarması, avrokuboka vəsiqə qazanılması vəziyyəti sabit saxlayırdı. Klub prezidenti də hakimlərin köməyi ilə uğurda mühüm rol oynamışdı.

İndi isə hər şey bitib. Sumqayıtlılar yeni çempionatda qitə yarışlarına getmək üçün mübarizəyə hazır olmadıqlarının fərqindədir, ona görə də indidən günah keçisi axtarışı başlayıb. Abasovun dünən mətbuat konfransında dedikləri həm publikaya oynamaq cəhdidir, həm də klub rəhbərlyini “vurmaq”. Samir bəy demək istəyir ki, heyət gücləndirilmədiyi üçün nəticə qazana bilməyib.

SİTAT: “Heyəti qura bilməmişik. Ümumiyyətlə, bu turnirə hazırlıqsız başladıq. İsa Sulimanın zədələnməsi, Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması… 2-3 gün ərzində çox şeyi dəyişib oyuna çıxmalı idik. Futbolçular əllərindən gələni etdilər. Onlara təşəkkür edirəm, canlarını qoydular. Artıq çempionata köklənəcəyik. Bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan. Yeni transferlərimizdən Slavko Radoviç yorulmuşdu, əvəzlənməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir”.

Abasov düz deyir. Həqiqətən “Sumqayıt” Konfrans Liqası üçün güclənmək əvəzinə, əsas oyunçularını itirdi, lazımi mövqelərə transferlər edilmədi. Səfər oyununda meydana buraxmağa mərkəz müdafiəçisi yoxdursa, deməli, transfer dövrü boşa verilib.

Abasov aşkar şəkildə rəhbərliyi qınayır, ehtiyat qüvvənin olmadığını deyir. Haqlıdır da. “Fehervar”la cavab matçında meydana çıxmağa normal ehtiyat qüvvə yox idi. Lakin Rəfiyevin sözçüləri də boş oturmur. Kuluarlarda onun oyunçu almaq istədiyi, Abasovun buna gərək olmadığını deməsi haqda söhbətlər dolaşır.

Və bu cütlüyün yola getməsi mümkünsüzdü. Ötən mövsüm uğura ümid olduğundan onlar küsülü ola-ola bir hədəfə vururdular, indi isə hər iki tərəf erkən vidanın günahını bir-birinin boynuna yıxmağa çalışır.

İnsaf naminə, “Fehervar” keçilməsi mümkün rəqib idi. Sumqayıtlılar işinə azca məsuliyyətlə yanaşsaydı, bu komandanı hər iki oyunda udmaq olardı. Əsas heyətin az qala yarısının “Uypeşt”ə getməsinə imkan verən macar klubu xeyli zəifləyib. Heyəti yetərsiz olan “Sumqayıt” qarşısında miskin görünən bu komandanı “kimyaçılar” ötənilki heyətlə rahatca yenərdi. Macarıstan təmsilçisi o qədər zəif idi ki, Premyer Liqanın yeni mövsümündə ilk 7-liyə düşəcəyi inandırıcı görünməyən “Sumqayıt” dünən favorit kimi görünürdü.

Avrokubokun cari mövsümündə ilk üz qarası kimi yadda qalacaq “Sumqayıt” həm də önəmli reytinq xalları itirdi. Düzdür, onlar da ümumi hovuza bir çimdik ianə edə bildi. Halbuki pay daha böyük ola bilərdi.

Mübarizə bitdi. Bütün mövsümü avrokubok mübarizəsinə həsr edən komanda elə ilk mərhələdəcə dayandı. İndi qarşıdakı aylar Rəfiyevlə Abasovun daxili müharibəsinə səhnə olacaq. Hər iki tərəfin haqlı və haqsız olduğu məqamlar var. Bircə o dəqiqdir ki, “kimyaçılar” yeni mövsümdə boyundan hündürə tullana bilməyəcək.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp