Hayfa “Makkabi”sinin futbolçusu Lior Refaelov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az saytı xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ev matçındakı 0:3 hesablı məğlubiyyətə baxmayaraq, hələ də ümidini itirmir.
İsrail millisinin sabiq üzvü “Sabah” barədə də müsbət fikirlər səsləndirib: “İlk oyundakı nəticə bizim üçün ürəkaçan deyil. Bu, son illərdə klub üçün ən xoşagəlməz anlardan biridir. Bunu gözləmirdik. “Sabah”ın oyunçularının yüksək keyfiyyətə və xüsusi bacarığa malik olduqlarını bilirdik. Xüsusən də hücumda çox təhlükəlidirlər. Amma futbolda hər şey mümkündür. Bir an belə təslim olmuruq. Geridönüşün mümkünlüyünə tam inanıram. Bu dəfə daha güclü olacağıq”.
Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Makkabi” oyunu saat 20:00-da başlayacaq.