Slovakiyanın “Dunayska Streda” klubunun futbolçusu Ladislav Almasi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu Bakıdakı 0:4 hesablı məğlubiyyəti unutduqlarını deyib.
Slovakiya millisinin üzvü hələ də mərhələ adlayacaqlarına inanır: “Azərbaycandakı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Azarkeşlərdən xahişim odur ki, stadiona gəlsinlər və bizi dəstəkləsinlər. Hələ mövsümün əvvəlidir, kimin hansı formada olduğunu müəyyənləşdirə bilmirsən. “Zirə” öz meydanında 4 cavabsız qol vurdusa, biz də doğma azarkeşlərimizin önündə bunu edə bilərik. Məncə, 4 top fərqli qələbə qazana bilərik. Qətiyyən təslim olmuruq və qələbəyə inanmalıyıq”.
Qeyd edək ki, bu gün “DAC Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.