Azərbaycanda yeni futbol klubu yaradılıb. Sumqayıtı təmsil edəcək “Qurtuluş” qarşıdakı mövsümdən Region liqasında çıxış etməyi planlaşdırır.
Sözügedən komandanın rəhbəri Vaqif Qocayev futbolinfo.az saytına açıqlamasında Sumqayıtda heç bir stadionun qapısının onların üzlərinə açılmadığını bildirib: “Qurtuluş” Futbol Klubu əvvəllər “Wild Ones” adı altında mini-futbolda çıxış edirdi. Yeni mövsümdən etibarən böyük futbolda yeni adla AFFA bayrağı altında keçirilən yarışlarda iştirak edəcəyik. Klub ilkin olaraq 16-25 yaş arası gənclər arasından seçimlər edir. Daha sonra isə klubun U-10, U-13, U-15, U-16 və U-19 komandalarının yaradılması və müvafiq yaş qrupları üzrə seçmələr nəzərdə tutulub. Sumqayıt şəhər gənclərinin böyük futbolda şəhəri təmsil edəcək komandaya ehtiyacları olduğunu bilirdik. Çünki şəhərimizdə çox prespektivli və istedadlı gənclər var. Lakin həmin gənclərin parlayacağı komanda yoxdur. İlkin olaraq hədəfimiz Region Liqasıdır. Stadion olaraq da Sumqayıt şəhərində təəssüf ki, heç bir stadionun qapısı üzümüzə açılmadı. Ona görədə şəhərə ən yaxın stadion olan Abşeron Olimpiya İdman Kompleksinə üz tutduq. Şəhərimiz və şəhərimizin istedadlı gəncləri üçün hər zaman əlimizdən gələnin daha artığını etmək üçün çalışacağıq və bu yolda Sumqayıt şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, eyni zamanda AFFA-nın dəstəyini də görəcəyimizə inanırıq”.
GÜNAY SÜLEYMANOVA