İki klubumuz Konfrans Liqasının 3-cü təsnifat mərhələsində oynayacaq. Kimin ora necə yüksəlməsi bir müddət sonra çətin ki, xatırlansın. Mübarizə aparan, şanslardan daha yaxşı yararlanan “Sabah”la “Zirə” yoluna davam edir.
“Zirə” evdə qazandığı 4:0 üstünlüklə kifayətlənmədi. Təmsilçimiz Slovakiyada da öz oyun üslubuna sadiq qaldı və önəmli qələbə qazandı. Rəqib zəif görünsə də, hər iki matçda qələbə qazanıb mühüm reytinq xalları əldə etmək sevindiricidir. Bu mövsüm avrokubokda keçirdiyi hər iki səfər matçında qələbə qazanan “qartallar” bir az da artırsa, pley-offu görə bilər.
“Osiyek” daha çətin rəqibdir. Lakin “Zirə”nin də nəticəyə oynamağı bacaran yaxşı heyəti var. Xorvatiya klubu ilə görüşlərdə azacıq bəxt gətirsə, yaxşı sonluğa ümid etmək olar.
Həmin bəxt “Sabah”ın işinə çox yaradı. Təmsilçimiz “Makkabi” ilə ilk matçda yaxşı oyunla yanaşı, şansı sayəsində darmadağına imza atmışdı. İsraillilər həmin qələbənin təsadüf olduğunu Bakıda sübut etdi. Rəqib səviyyəsini 6 qolla göstərdiyi halda “Sabah” lazımi məqamlarda fərqlənməklə ümidlərini penalti seryasına kimi daşıdı. Lotereyada isə Krunosllav Renduliçin duaları işə yaradı. Qonaqlar 5 zərbədən üçünü boşa verdisə, əlavə sözə ehtiyac yoxdu.
Matç “Sabah”ın sabit komanda olmadığını göstərdi. Səfərdəki oyununa görə təriflədiyimiz komanda dünən rəzil günündə idi. “Makkabi” hər nə qədər güclü olsa da, Avropa nəhəngi deyil, dolu tribunalar önündə 3 topluq üstünlüyü qoruya bilməmək düşündürücüdür. Azarkeşlər 9 qollu matçdan zövq ala bilər, amma “bayquşlar” əla oyununa görə alqış almadı.
Ümid edək ki, bu, “Sabah”ın ən zəif oyunu idi. Hayfalıları sıradan çıxaran komandanın “Sent Patriks”i keçməsi daha rahat olmalıdır. Komanda mütləq artırmalı, xüsusilə müdafiədəki səhvləri düzəltməlidir. İndiki halda ply-offun qapıları çox yaxın görünür. Toparlanmaq və “Makkabi”nin reytinqinə görə bəxtimizə düşən əla şansdan stifadə etmək lazımdır.
Hər iki təmsilçimiz minimum vəzifəni yerinə yetirib. Lakin pley-offa yüksəlmək şansları da pis deyil. “Zirə”nin işi bəlkə də bir qədər çətin olacaq, amma qəsəbə təmsilçisi oyununu yüksələn xəttlə davam etdirsə, mümkünsüz heç nə yoxdur. “Sabah” isə İrlandya təmsilçisini mütləq keçməlidir.
FƏRİD