“Qarabağ” avrokuboklarda qrup mərhələsinə vəsiqəni təmin etdi. Bəli, Azərbaycan çempionu minimum UEFA Konfrans Liqasının həlledici mərhələsində oynamaq imkanı əldə edib. Amma bütün ölkə Qurban Qurbanovun komandasına heç UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etməyi yaraşdırmır. Hədəf Çempionlar Liqasında qitənin ən güclü klubları ilə eyni qayıqda üzməkdir.

Özü də bu mövsümdən belə desək, qayıq gəmiyə çevriləcək. Artıq qruplar standart formada olmayacaq. İsveçrə sistemi ilə keçiriləcək mərhələdə daha çox komanda ilə qarşılaşmaq imkanı yaranacaq. Məqsədə yaxınlaşmaq üçün isə Bolqarıstan çempionu “Ludoqrets”i mübarizədən kənarlaşdırmalıdır.

Təbii ki, Razqrad klubunun son illər avrokubokların qrup mərhələsində daim iştirak etməsini nəzərdən qaçıra bilmərik. Hər halda, “Qarabağ” indiyə qədər yalnız 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıbsa, razqradlılar bunu iki dəfə bacarıb: 2014/15 və 2016/17. Onlar 2016/17 mövsümündən etibarən avrokubokların qrup mərhələsindən kənarda qalmır. Ümumiyyətlə, bu komanda 2013/14 mövsümündən bəri müntəzəm olaraq hansısa yarışda qrup mərhələsində oynamaq imkanı qazanır. Onun yalnız “Qarabağ”dan fərqi ondadır ki, 2015/16 mövsümündə seriya qırılıb. Həmin vaxt Bolqarıstan çempionu ÇL-in təsnifat mərhələsində Moldovanın “Milsami” klubuna məğlub olaraq mübarizəni dayandırıb.

Ümumiyyətlə, “Ludoqorets”in “Qarabağ”la bir sıra oxşar cəhətləri var. Məsələn, “Qarabağ” necə Azərbaycanda “Neftçi”ni kölgədə qoymağı bacarıdısa, “Ludo” da Bolqarıstan nəhəngləri “Levski” və ÇSKA-nın hegemonluqlarına son verdi.

13 dəfə Bolqarıstan çempionu olan bu klubun 1946-ci ildə əsası qoyulsa da, uzun illər aşağı liqalarda çıxış ediblər. “Razqrad” adı ilə mübarizə aparan bu klub 2001-ci ildən bir qədər toparlanmağı bacarsa da, 2010-cu ildə bolqar biznesmen Kiril Domusçiyevin klubun səhmlərinə sahib çıxmasından sonra vəziyyət köklü şəkildə dəyişdi. Nəticədə məhz onun təşəbbüsü ilə klub “Ludoqorets” adı ilə fəaliyyət göstərməyə başladı. Əvvəlcə, Bolqarıstanın ən yaxşı futbolçularının hesabına güclənən bu komanda sonradan perspektivli legionerlərin sayəsində də öz adından söz etdirməyə başladı.

“Ludoqorets”in tarixinə damğa vuran əcnəbi oyunçulardan danışırıqsa, bu mənada Rumıniya millisinin üzvü Klaudio Keşeru və braziliyalı Vandersonun adını çəkə bilərik. Ümumiyyətlə klub akademiya və seleksiya işlərini mükəmməl şəkildə görür. “Ludoqorets” yalnız əsas komandasına deyil, eyni zamanda gənc futbolçuların yetişdirilməsinə də böyük önəm verir. Klubun müasir təlim bazası və akademiyası var ki, burada gənc oyunçular mükəmməl şəkildə futbolun sirlərinə yiyələnir.

Akademiya və mükəmməl baza məsələsində haradasa “Qarabağ”dan üstün ola bilərlər. Hərçənd, Bakıda məskunlaşmasına görə Ağdam klubunu tam da qınamaq olmur. Amma məşqçilərinə sədaqət məsələsində “qartallar” “köhlən atlar”ın yaxınlığına düşə bilməzlər. 2010-cu ildən etibarən Domusçiyev məşqçiləri əlcək kimi dəyişməyi sevir. Klubun sahibi 2 dəfə komandanı Çempionlar Liqasının qrup mərhələsinə çıxaran Georgi Dermenciyevə sadiq qalmayıb. Hər dəfə uğursuzluq olan kimi onu göndərib, başqa məçşqçilərdən də tam olaraq istədiyini ala bilməyib. Amma ötən mövsüm yenidən Dermençiyevə şans yaradılıb. Yəni, artıq “Qarabağ”ın qarşısına klubu hamıdan yaxşı çalışdıran mütəxəssislə çıxacaqlar.

Madam ki, bu mövsümə gəlib çıxdıq, “Ludoqorets”in elə indiki halından danışmaq daha məqsədəuyğundur. Bu mənada komandanın mövsümlərarası fasilə dönəmindəki dəyişikliklərdən başlasaq, daha yaxşı olar. Yayda Razqrad klubu 4 futbolçu ilə yollarını ayırıb. Komandanın 30 yaşlı portuqaliyalı dayaq yarımmüdafiəçisi Klod Qonsalveş azad agent statusu ilə “Legiya”ya keçib. 25 yaşlı fransalı cinah hücumçusu Munir Şuyar “Sürix”ə, 29 yaşlı argentinalı mərkəz müdafiəçisi Franko Russo Meksikanın “Kerataro” klubuna icarəyə göndərilib. 31 yaşlı almaniyalı sol cinah müdafiəçisi Marsel Heytser isə “Ludoqorets”dən ayrılandan sonra hələ özünə klub tapmayıb.

Transferlərə gəlincə, bu yay Bolqarıstan çempionu iki keçidi reallaşdırdığına görə 4,20 milyon avro xərcləyib. Onlardan biri “Hammarbü”nün 24 yaşlı isveçli mərkəz müdafiəçisi Edvin Kurtuluşdur. Kosovodan İsveçə köçən mühacir ailəsində doğulan Edvinə görə “Ludoqorets” 2,20 milyon avrosundan keçib. “Olimpiakos”un 23 yaşlı qvineyalı hücumameyilli yarımmüdafiəçisi Aqibu Kamaraya görə isə bolqarlar 2 milyon avro ödəyiblər. Avstriyanın “Volfsberger” klubundan 30 yaşlı almaniyalı qapıçı Hendrik Bonmannla Niderlandın “Fortuna Sittard” komandasından 25 yaşlı kabo verdeli mərkəz yarımmüdafiəçisi Deroy Duarteni azad agent statusu ilə rənglərinə bağlayıblar.

Bütün bunların fonunda heyətində cəmi 7 bolqarıstanlı oyunçu olan “Ludoqorets”in əsas gücünün legionerlər olduğunu söyləməyə borcluyuq. Komandada yetərincə istedadlı oyunçular var. Komandanın ən təhlükəli futbolçularından biri, bəlkə də birincisi Ruan Kruzdur. Braziliyalı futbolçu hücumun sivri ucunda fəallığı və yüksək qol duyumu ilə seçilir. Daha bir futbolçu dolayı yolla bizə tanış simadır. 2017-ci ildə Avstriyada təlim-məşq toplanışında “Neftçi”nin “Şalke” ilə oyununu xatırlayırsınız? Həmin görüşdə Bundesliqa təmsilçisi “ağ-qaralar”ı 1:0 hesabı ilə məğlub etmişdi və bu komandanın yeganə qolunu qanalı cinah hücumçusu Bernard Tekpetey vurmuşdu. Son 3 ildə “Ludoqorets”in şərəfini qoruyan bu futbolçu məhsuldarlığı ilə diqqət çəkir. “Qarabağ”ın futbolçuları hər iki cinahda oynamağı bacaran bu futbolçunun qarşısını kəsə bilsələr, rəqibin gücünün təxminən 30-40 faizini azaldacaq.

Daha bir cinah hücumçusu Rik Lima da Bolqarıstan çempionunun aparıcı fiqurlarındandır. “Ludoqorets”in yarımmüdafiənin mərkəzində düşünən beyni isə Bolqarıstan millisinin üzvü Todor Nedelevdir. Həm quruculuq, həm də dağıdıcılıqla yadda qalan bu futbolçunun ötürmələri və zərbələrindən ehtiyatlı olmaq lazımdır.

Amma hər nə qədər yaxşı futbolçuları olmasına baxmayaraq, “qartallar” hazırda formada deyil. Təsadüfi deyil ki, bu komanda ilk iki mərhələdə səfərdə qol vura bilməyib. Belə ki, ilk mərhələdə Batumi, daha sonra Minsk “Dinamo”ları ilə oyunda 0:1 hesabı ilə uduzublar. Yalnız evdəki görüşlərdəki 2 top fərqli qələbələrlə mərhələ adlayıb.

ql18 1024x768 1 - Futbolinfo.az

“Ludoqorets”in ən zəif cəhəti pressinq altından çıxa bilməməsidir. “Qarabağ”ın futbolçuları mümkün qədər onları müdafiədən hücuma qoşularkən belə desək, nəfəs almağa qoymamalıdır. Çünki ani təzyiqdə topu rahat itirirlər. Minsk “Dinamo”su bu mənada onların başına oyun açdı. Onlara pressinq tətbiq etməsək, birtoxunuşlu ötürmələrlə hücuma çox rahat qoşulacaqlar. Xüsusən də yaradıcı oyunçularında anlaşma səviyyəsi çox yüksəkdir. Qətiyyən boşluq vermək olmaz.

Azərbaycan və Bolqarıstan klublarının indiyəqədərki oyunları:

1. 17.07.1996. Bakı, Azərbaycan. UEFA Kuboku. Neftçi – Lokomotiv Sofiya 2:1

2. 24.07.1996. Sofiya, Bolqarıstan. UEFA Kuboku. Lokomotiv Sofiya – Neftçi 6:0

3. 22.07.2009. Sofiya, Bolqarıstan. Yoldaşlıq oyunu. Pirin – İnter Bakı 0:2

4. 23.07.2009. Sofiya, Bolqarıstan. Yoldaşlıq oyunu. ÇSKA Sofiya – İnter Bakı 1:1

5. 28.07.2009. Bakı, Azərbaycan. Çempionlar Liqası. Bakı – Levski Sofiya 0:0

6. 05.08.2009. Sofiya, Bolqarıstan. Çempionlar Liqası. Levski Sofiya – Bakı 2:0

7. 27.06.2010. Sofiya, Bolqarıstan. Yoldaşlıq oyunu. ÇSKA Sofiya – İnter Bakı 0:1

8. 25.01.2015. Antalya, Türkiyə. Yoldaşlıq oyunu. Qarabağ – Levski Sofiya 0:3

9. 22.01.2017. Antalya, Türkiyə. Yoldaşlıq oyunu. Zirə – Lokomotiv Qorna 0:1

10. 18.06.2017. İnnsburk, Avstriya. Yoldaşlıq oyunu. ÇSKA Sofiya – Qəbələ 2:0 (1 hissə oynanılıb)

11. 22.06.2017. İnnsburk, Avstriya. Yoldaşlıq oyunu. Ludoqorets – Qəbələ 2:0

12. 24.06.2017. İnnsburk, Avstriya. Yoldaşlıq oyunu. ÇSKA Sofiya – Qarabağ 5:2

13. 25.01.2018. Antalya, Türkiyə. Yoldaşlıq oyunu. Neftçi – Slaviya 0:1

14. 27.01.2018. Antalya, Türkiyə. Yoldaşlıq oyunu. Xəzər – Vereya SZ 2:1

15. 29.01.2018. Antalya, Türkiyə. Yoldaşlıq oyunu. Səbail – Lokomotiv Plovdiv 1:3

16. 23.06.2018. Avstriya. Yoldaşlıq oyunu. Qarabağ – Lüdoqorets 1:1

17. 26.01.2019. Antalya, Türkiyə. Yoldaşlıq oyunu. Neftçi – Beroe 4:0

18. 21.06.2019. Bansko, Bolqarıstan. Yoldaşlıq oyunu. Lokomotiv Plovdiv – Səbail 1:0

19. 22.06.2019. Avstriya. Yoldaşlıq oyunu. Ludoqorets – Qarabağ 2:0

20. 25.06.2019. Bransko, Bolqarıstan. Yoldaşlıq oyunu. Beroe – Səbail 4:0

21. 22.01.2020. Antalya, Türkiyə. Yoldaşlıq oyunu. Qəbələ – Etar 0:0

22. 07.07.2021. Tirol, Avstriya. Yoldaşlıq oyunu. ÇSKA Sofiya – Qarabağ 0:1

23. 04.07.2023. Tirol, Avstriya. Yoldaşlıq oyunu. ÇSKA Sofiya – Qarabağ 0:1

ABBAS

Shares: