“Qarabağ” Zaur Axundovu arzusuna yaxınlaşdırdı. Ağdamlılar buna Misli Premyer Liqasının yeni mövsümünün açılış turunda “Araz-Naxçıvan”ı darmadağın etməklə töhfə verdi.
Muxtar respublika təmsilçisinin qeyri-rəsmi sahibi olan Axundov yaxınlarda baş məşqçi Elmar Baxşıyevə 2 ay vaxt verdiyini və uğursuzluq olarsa, onu qovacağını dilə gətirmişdi. Bu açıqlama çalışdırıcının üzərində təqyiq yaradıb və təsadüfi hədə-qorxu deyil. Zaur bəyin artıq bəzi məşqçilərlə danışıqlara başladığı deyilir. Amma bacarığına etibar etmədiyi məşqçi ilə mövsümə başlamaq, komandanın çempionata hazırlığını ona tapşırmaq da rəhbər səhvidir.
“Araz-Naxçıvan” yayda transferlərə ən çox pul xərcləyən komandalardandır. Təkcə 3 legioner hücumçunun hər birinin aylıq 14 min dollara razılaşıb müqavilə bağladığını demək kifayətdir. Əksər klublarımızın həsəd apardığı büdcə ilə naxçıvanlılar mövsümə fırtına kimi başlamalıydı. Bunun üçün imkan da var idi. Avrokubok matçında yoğrun düşən “Qarabağ” Mərdəkandakı matçı ikinci heyətlə çıxmışdı. Amma əvəzedicilər də nominal meydan sahiblərini darmadağın etdi. 9-ci dəqiqədə hesab artıq 2:0 idi və çempion bunun davamını gətirdi, meydanda azlıqda qalanda da qol vurdu.
“Qarabağ” dünənki matçda göstərdi ki, rəqibləri hər nə qədər güclənsə də, zirvəni onun əlindən almaq asan olmayacaq. İki güclü heyətə malik olan ağdamlılar asanlıqla xal itirməyəcək. Yaxşı top fərqi ilə ilk turdan zirvəyə qalxan Qurban Qurbanovun yetirmələri yenə də yarışın əsas favoritidir.
Düzdür, “Araz-Naxçıvan”ın darmadağın edilməsində əvvəlki klublarında dəfələrlə oxşar səhvlər edən qapıçı Tərlan Əhmədlinin bağışlanmaz xətası da rol oynadı. Startdakı şok onun komanda yoldaşlarına özünə gəlmək imkanı vermədi. Amma hətta həmin qol olmasaydı da, ağdamlılar aşkar güclü olduğunu matç boyu göstərdi.
Axundovun Baxşyevə verdiyi vaxtın bir həftəsi geridə qaldı. Hətta bu gedişlə bir neçə turdan sonra gözlənilən istefa baş verə bilər. Amma məşqçi dəyişikliyi çətin ki, komandanı xlas etsin. “Araz-Naxçıvan”d işə yanaşma, rəhbərliyin davranışı dəyişməlidir. Çünki Baxşıyevə ilk qolu “Qarabağ” yox, məhz Zaur bəy vurmuşdu.
ABBAS