Azərbaycan millisinin məşqçisi Arif Əsədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bununla bağlı dünən AFFA rəsmi məlumat yayıb.
Vidanın səbəbini Əsədov futbolinfo.az saytına açıqlamasında bildirib. O, yeni baş məşqçi Fernandu Santuşun birgə işləmək istəmədiyini bildirib: “Təbii ki, bu təşəbbüs Fernandu Santuş tərəfindən oldu. Mənim haqqımda fikirlərini AFFA rəhbərliyinə bildirib. Onun fikirlərini mənə çatdırdılar. Santuş yığmaya baş məşqçi kimi təsdiqləndikdən sonra son 4 oyununun hesabatını istədi və təqdim etdim. Onun gördüyü o idi ki, futbolçular məni baş məşqçi kimi görürlər. Santuş da yeni baş məşqçi olaraq mənə köməkçi gözü ilə yox, baş məşqçi gözü ilə baxıb. Buna görə də mənimlə işləmək istəməyib. Bir peşəkar kimi bunu normal qarşılayıram. Öz tərəfimdən minnətdarlığımı bildirirəm”.
Əsədov bundan sonra təkliflərə açıq olacağını da bildirib: “Futbolda qalacağam. AFFA-da UEFA-nın məşqçi kurslarında təlimatçı kimi fəaliyyətim davam edəcək. Peşəm məşqçilikdir, bundan sonra təkliflərə açıq olacam. Təkliflərim olsa da, öncəliyi milliyə vermişdim deyə qəbul etmirdim. Bundan sonra uyğun təklif olarsa, dəyərləndirməyə hazıram”.
Xatırladaq ki, Canni de Byazinin vaxtında əsas köməkçi olan Arif bəy, son matçlarda yığmaya uğurla rəhbərlik etmişdi. Onu yerli mütəxəssislərdən kimin əvəz edəcəyi bilinmir.
GÜNAY SÜLEYMANOVA