“Qarabağ”la “Sumqayıt”ın ilk turda rəqiblərini birnəfəsə üstələməsi həm də hazırlıqla bağlıdır. Avrokubokda iştirak edən komandalar daha tez yığışdığından, onların formada olması gözləniləndir. Digərlərinə isə formaya düşmək üçün hələ bir neçə tur lazım gələcək.
“Sumqayıt” dünən “Kəpəz”i asanlıqla üstələdi. Hətta futbolçuların yorğun olması, normal məşq edə bilməməsi də heç nəyi dəyişmədi. Gəncəlilərin yenilənmiş heyətinə uyğunlaşmaq, forma yığmaq üçün müəyyən zaman lazımdır. Amma komanda heyət kasadlığından ciddi əziyyət çəkir. Bir neçə yerli və legioner futbolçular düşərgəyə cəlb olunsa da, onların vahid mexanizm kimi işləməsi üçün zamana ehtiyac var.
Müqayisə etsək, “Sumqayıt”ın daha zəngin heyəti yoxdur. Sadəcə, komanda hazırlığa daha tez başlayıb, üstəlik, uzun müddətdir bir yerdə oynayan futbolçuların sayı çoxdur. “Kəpəz” üzərində rahat qələbənin başqa səbəbi yoxdur. “Sumqayıt” avrokubok yorğunluğunu zamanla hiss edəcək, hazırlığa erkən başlamağın enişi də olacaq. Məhz onda “kimyaçılar”a qiymət vermək üçün daha münasib zaman olacaq.
Turun dünən baş tutan digər oyunu da komandalara qiymət vermək üçün münasib deyildi. İlk turlar aldadıcı olur. Bununla belə, “Neftçi”nin startdaca büdrəməsi Roman Qriqorçukun təyinatı ilə ümidlənən azarkeşləri məyus etdi. Yeni mövsüm başlayan kimi “Qarabağ”dan geri qalmaq psixoloji təzyiq yaradacaq.
Bakılılar mütləq heyəti gücləndirməlidir. Komandanın hücum xəttinə əlavələr lazımdır. Eyni zmanda ağır və qoca yarımmüdafiəyə yeni qan gərəkir. Qriqorçukun öz fəlsəfəsini tətbiq etməsi zaman alacaq. Bircə o dəqiqdir ki, hər nə qədər ilk turda xal itirsə də, bakılılar ən azı ötən mövsümdəkindən çox yaxşı oynayacaq.
Kurban Berdıyevin debüt matçında xal qazanması gözlənilməz deyildi. Təcrübəli məşqçi praqmatik futbolu yeni komandasına da tətbiq edib. Ayxan Abbasovun vaxtında yığılan heyət intizam sayəsində rəqibə qol epizodu da vermədi. Lakin qərblilərin ehtiyat qüvvəyə ehtiyacı var. Zədəlilərin çox olması üzündən faktiki ehtiyat hücumçu yox idi. Uzun marafonda bu qədər kasad heyətlə tab gətirmək mümkün olmayacaq.
İstənilən halda, “Neftçi”nin Berdıyev sindromu davam etdi. O, “Rubin”ə rəhbərlik etdiyi zaman avrokubok matçlarında bakılılara şans verməmişdi, dünən isə tovuzluların baş məşqçisi kimi məğlubiyyətdən yan keçdi.
Tur bu gün davam edəcək. Hazırlıq səviyyəsini nəzərə alsaq, “Zirə” ilə “Sabah” büdrəməməlidir. Amma yorğunluğun onlara necə təsir etdiyini, eyni zamanda növbəti avrokubok matçını nəzərə alaraq, kimin daha daha çox rotasiyaya meyl göstərdiyini birlkdə görəcəyik.
FƏRİD