Misli Premyer Liqasında yeni mövsümün ilk turu qalmaqalsız bitdi. Bəzi komandaların çempionata hələ tam hazır olmadığı görünsə də, hakimlərin ön plana çıxmaması sevindirdi.
Təqvim elə alınıb ki, açılış turunda ötən mövsüm ilk “5-lik”də qərarlaşanlar turnir cədvəlinin ikinci hissəsində yerləşənlərlə üz-üzə gəldi. Avrokubokda ölkəmizi təmsil edənlər, eləcə də “Neftçi” favorit sayıldıqları matçları uduzmadan başa vurdular. Qonaqlardan yalnız “Qarabağ”ın üstün olduğu həftədə qeydə alınan iki heç-heçəni kiçik sensasiya saymaq olar. “Neftçi” ilə “Sabah” ev matçında önəmli xallar itirdi.
Maraqlıdır ki, sürprizə imza atan komandalardan “Turan Tovuz” Ayxan Abbasovun ötənilki, “Şamaxı” isə indiki komandasıdır. Kurban Berdyev bu məşqçinin qurduğu komandaya fərqli futbol oynatmağa çalışdısa, yenidən qurulan “Şamaxı” əzmkar çıxışı ilə yadda qaldı.
“Sabah”ın büdrəməsində komandanın 120 dəqiqəlik avrokubok matçından sonra yorğun olması rol oynadı. Heyətdə rotasiyalar edən Krunoslav Renduliç ilk hissədə yaxşı oyuna nail olsa da, fasilədən sonra əzmkarlıq göstərən rəqibin qarşısını almağı bacarmadı. Bakılılar yoğrunluq özünü göstərənə kimi önəmli üstünlük qazanmışdı. Ardıcıl qollar hətta “Şamaxı”nın darmadağınına aparırdı. Lakin qonaqları fasilə ərəfəsində vurduğu – bir az da təsadüfi – qol ayıltdı. Fasilədən sonra aqressivliyi artıran “Şamaxı” bərabərlik topunu vurdu, meydan sahiblərinin əsas futbolçularının döyüşə atılması da heç nəyi dəyişmədi.
İstənilən halda, Renduliç son 2 matçda 8 top buraxan, qeyri-sabir çıxış edən yetirmələrini silkələməlidi. Çünki “Zirə” də avrokubokda çıxış edib və üstəlik, səfər matçından gəlmişdi. Amma “qartallar” “Şamaxı” ilə müqayisədə daha yaxşı heyətə malik “Səbail”i birnəfəsə yendi, 90 dəqiqə dominant futbol oynadı.
Yeri gəlmişkən, bu mövsüm daha yaxşı futbol oynayan, daha yaxşı komplektləşdiyi dərhal görünən qəsəbə təmsilçisi son dəqiqələrdə vurduğu 4-cü qolla “Qarabağ”ın nəticəsini təkrarlayaraq zirvəyə şərik oldu. Darmadağın olan “Səbail”ə gəlincə, Şahin Diniyevin yetirmələri ötən mövsüm də startda eyni aqibəti yaşamışdı. Lakin indiki heyət ötənilkindən zəif görünür və sürprizə imza atıb üst pillələrə dırmaşması çətin məsələdir.
FƏRİD