Avqustun 2-də Misli Premyer Liqasında həsrət başa çatdı və 2024/25 mövsümünə start verildi. Sezonun ilk turu məhsuldar alındı. Yalnız “Neftçi” – “Turan Tovuz” matçında qapılara qol vurulmadı. Qalan 4 görüşdə isə azarkeşlər ümumilikdə 16 qola şahidlik etdilər ki, bu, yetərincə yaxşı göstəricidir.

“Qarabağ”ın ikinci heyəti ilə bacarmayan yenilənmiş “Araz-Naxçıvan”

Turun açılış matçında yenilənmiş “Araz-Naxçıvan” Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”ı qəbul etdi. Naxçıvan klubunun start heyətində 8 yeni transfer yer almışdı. Yalnız Vanderson Melo, Miço Kuzmanoviç və İqor Ribeyro ötənilki heyətdən qalan oyunçular idi. Aydın məsələ idi ki, bu qədər yeni futbolçusu olan komandada xətlərarası əlaqə, oyunçuların bir-birini başa düşməsi hələ yüksək səviyyədə ola bilməz. Sadəcə, “Qarabağ”ın bu görüşə ehtiyat qüvvə ilə çıxması “Araz-Naxçıvan”ın meydandan xalla ayrılıb-ayrılmayacağına dair suallar ortaya çıxarmışdı. Lakin ağdamlıların bu suallara dəqiq cavab verməsi üçün 9 dəqiqə bəs etdi.

7-ci dəqiqədə “Araz-Naxçıvan”ın yeni qapıçısı Tərlan Əhmədli siftəsini korladı. O, topu uzaqlaşdırmaq istəyərkən gecikdiyi üçün səhvə yol verdi və zərbəyə ayaq qoyan Redon Cica sezonun ilk qolunun müəllifi oldu.

Cəmi 2 dəqiqə sonra meydan sahibləri ikinci dəfə kuryoz qol buraxdılar. Bu dəfə Riçard Almeydanın zəif zərbəsindən sonra top “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyronun ayağına dəyərək istiqamətini dəyişdi və qapıdan keçdi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ikinci hissədə əsas heyətin bir neçə üzvünü meydana buraxdı və həmin futbolçuların “Ludoqorets”lə avrokubok matçından öncə oyun ritmindən düşməməsi üçün bu addımı atdı. İkinci hissənin startındaca Hamidu Keyta əla reydini dəqiq zərbə ilə tamamladı.

78-ci dəqiqədə “Qarabağ” meydanda azlıqda qaldı. Elvin Cəfərquliyev rəqib futbolçuya qarşı kobud oynadığına görə meydandan uzaqlaşdırıldı. Elvinin son vaxtlar tez-tez qırmızı vərəqə alması diqqət çəkməyə bilməz. Bu, Qurban Qurbanov üçün artıq həyəcan təbili çalmalıdır. Elvin Azərbaycan səviyyəsində yaxşı futbolçudur, bunu heç kim inkar etmir. Amma artıq neçənci dəfədir ki, yersiz yerə qırmızı vərəqə alır və komandasını azlıqda qoyur. Qırmızı vərəqə alandan sonra göstərdiyi aqressiv davranış da hər dəfə fərqli formada təkrarlanır. Qurbanov ölçü götürməsə, gələcəkdə daha vacib matçlarda bunun acısını çəkə bilər.

Mövsümün ilk qırmızı vərəqəsindən sonra “Araz-Naxçıvan” azlıqda qalmış rəqibini cəzalandıra bildi. 86-cı dəqiqədə “Qarabağ”ın köhnə/yeni qolkiperi Şahrudin Məhəmmədəliyevin ötürməsi dəqiq alınmadı və topu ələ keçirən “Araz-Naxçıvan” epizodun davamında fərqləndi. Nuno Rodriqesin uzaq məsafədən zərbəsi fantastik alınmasa da, Şahrudin həmin epizodda aciz qalaraq topu tordan çıxarmalı oldu.

“Araz-Naxçıvan”ın bundan artığına gücü çatmadı. Əvəzində 2 dəqiqə sonra “Qarabağ” oyunda son nöqtəni qoydu. Yassin Benzianın kornerdən ötürməsini Abbas Hüseynov dəqiq baş zərbəsi ilə qola çevirdi. Beləliklə, “Ludoqorets”lə matçöncəsi asan qələbə qazanan “köhlən atlılar” bu mövsüm də ölkə çempionatdakı rəqiblərindən qat-qat üstün səviyyədə olduğunun mesajını verdi.

2 xal itirən “Turan Tovuz”, “Neftçi”yə 1 xal qazandıran Rza

“Neftçi” – “Turan Tovuz” matçına maraq daha çox idi desək, yanılmarıq. Hər iki komanda yeni mövsümə yeni baş məşqçi ilə start verirdi. Bir tərəfdə Azərbaycan futboluna yaxşı bələd olan Roman Qriqorçuk, digər tərəfdə isə dünya futbolunda da adından söz etdirməyi bacarmış Kurban Berdıyev. Təcrübəli məşqçilərin və onların komandalarının dueli böyük maraqla gözlənilirdi.

“Neftçi”nin start heyətində 3 yeni transfer – Ramil Şeydayev, Edvin Kuç və Andrey Ştoqrin yer almışdı. “Turan Tovuz”un “11-liy”ində isə 4 yeni futbolçu (İvan Konovalov, Tural Bayramlı, Rüfət Əhmədov və Kristian da Silva) var idi.

İlk hissədə hər iki komandanın təhlükəli hücumları olsa da, qapılar qarşısında 100 faizlik qol epizodu yaranmadı. İkinci yarını “Turan Tovuz” üstün keçirdi. Əvvəlcə Kristian da Silvanın yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı və “Neftçi”nin qolkiperi Rza Cəfərov əla sıçrayışla komandasını qoldan xilas etdi. Növbəti epizodda isə ev sahiblərinin bəxti gətirdi. Da Silvanın kornerdən ötürməsindən sonra Denis Marandiçi dizi ilə yaxın məsafədən topu qapıya göndərə bilmədi və inanılmaz şansı qaçırdı. Onun zərbəsinin qarşısını qapı tiri kəsdi.

“Turan Tovuz”un növbəti təhlükəli hücumunda isə Ayxan Quseynovun başla zərbəsini Rza tuta bildi. Cəfərov oyunun sonlarında Veysəl Rzayevin uzaq məsafədən zərbəsini də əla sıçrayışla dəf etdi.

“Neftçi” yalnız son dəqiqələrdə rəqibə təzyiq göstərməyə başladı. Bu zaman Ervin Koffinin o qədər də təhlükəli olmayan zərbəsini “Turan Tovuz”un qapıçısı İvan Konovalov dəf etdi. Nəticədə tablodakı sıfırlar dəyişmədi və komandalar mövsümün ilk oyunundan 1 xalla ayrıldılar.

Bu matça əsasən, “Turan Tovuz”un daha yaxşı gələcək vəd etdiyini söyləmək olar. Roman Qriqorçukun gəlişindən sonra isə “Neftçi”nin oyununda hələ inkişaf hiss olunmur. “Ağ-qaralar” 1 xal üçün qapıçı Rza Cəfərova minnətdar olmalıdırlar.

Yarımcan “Kəpəz” önündə gözlənilən qələbə

“Kəpəz”i qəbul edən “Sumqayıt”ın qələbə qazanacağı gözlənilən idi. Çünki rəqibin ötən mövsümkü aparıcı futbolçuları komandanı tərk etmiş, baş məşqçi Adil Şükürov yeni kollektiv formalaşdırmaq məcburiyyətində qalmışdı. Bu mənada, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan gəncəlilərin Sumqayıt səfərində xal qazanmaq şansı yüksək dəyərləndirilmirdi.

Start fiti səslənən kimi “Sumqayıt” üstünlüyü ələ keçirdi. Ardıcıl hücumlar çox keçmədi ki, öz bəhrəsini verdi. 14-cü dəqiqədə Səbuhi Abdullazadə cərimə meydançası daxilindən topa sol ayağı ilə qarşısıalınmaz zərbə vurdu – 1:0. “Fehervar”la avrokubok matçında da doğma stadionda fərqlənmiş Səbuhinin hazırda yaxşı formada olması diqqət çəkməyə bilməz.

İlk yarım saatda “Sumqayıt” əlinə düşən qol imkanlarından yararlansaydı, hesab arasında böyük fərq yaranardı. “Kəpəz” yalnız hissənin sonlarında öz oyununu göstərməyə və qol epizodları yaratmağa başladı. Bununla belə, ilk hissə “Sumqayıt”ın minimalhesablı üstünlüyü ilə nəticələndi.

Samir Abasovun yetirmələri ikinci hissədə yenidən üstünlüyü ələ keçirdilər və 72-ci dəqiqədə növbəti qol vuruldu. Rəhim Sadıxovun zərbəsindən sonra “Kəpəz”in kapitanı Yeqor Xvalkoya dəyən top istiqamətini dəyişdi və qapıdan keçdi. Bu qol oyunda yekun hesabı da müəyyənləşdirdi. “Sumqayıt”ın gözlənilən qələbəsi fonunda “Kəpəz”də futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac var.

Masazırda turun sensasiyası

Turun ən maraqlı oyunlarından biri, bəlkə də, birincisi Masazırda keçirildi. “Şamaxı”nı qəbul edən “Sabah”ın asan qələbə qazanacağını gözləyənlər var idi. Baş məşqçi Krunoslav Renduliç avrokubok matçını düşündüyü üçün əsas heyətin bir neçə üzvünə istirahət vermişdi. Bununla belə, “Sabah” matça yaxşı başladı. 16-cı dəqiqədə Namik Ələskərovun qol vurmasına şərait yaradan gənc futbolçu Xəyal Əliyev 37-ci dəqiqədə özü fərqləndi. Bundan sonra düşünmək olardı ki, oyun “Şamaxı”nın darmadağını ilə başa çatacaq. Ancaq qonaqlar buna imkan vermədilər.

44-cü dəqiqədə Ayxan Abbasovun komandası hesab arasındakı fərqi azaltdı. Rüfət Abbasovun cərimə meydançası həndəvərindən aşırma zərbəsi dəqiq oldu. Bu qoldan ümidlənən “Şamaxı” ikinci hissəyə daha fəal başladı və 52-ci dəqiqədə istəyinə çatdı. Bərabərlik qolunun vurulmasında da Rüfətin payı oldu. Məhz Abbasovun sol cinahdan hava ötürməsini “Şamaxı”nın yeni transferlərindən olan Belajdi Pusi dəqiq baş zərbəsi ilə tamamladı.

Qalan dəqiqələrdə “Sabah”ın baş məşqçisi Renduliç əsas heyət üzvlərinə də şans versə də, ev sahibləri hesabı dəyişə bilmədilər. Nəticədə ilk turun sensasiyası Masazırda qeydə alındı. Premyer Liqaya yeni qayıdan “Şamaxı”nın Konfrans Liqasındakı təmsilçimizdən səfərdə xal almasını sensasiya adlandırmaq olar.

“Zirə”nin 4 qolu, Diniyevin 1 dəqiqədə 4 əvəzetməsi

Tura “Zirə” – “Səbail” oyunu ilə yekun vuruldu. Bu görüşdə favorit “qartallar” hesab olunurdu. Büdcəsi azaldılan və heyətində böyük dəyişikliklər edilən “Səbail”dən avrokuboklarda mübarizəni davam etdirən “Zirə” önündə uğurlu nəticə gözləyənlər az idi.

Rəşad Sadıqovun komandası mübarizənin taleyini ilk hissədəcə həll etdi. Qonaqlar gürcüstanlı forvard Davit Volkovun qarşısında aciz qaldılar. 12-ci dəqiqədə yaxın məsafədən başla fərqlənən Volkov 27-ci dəqiqədə İsmayıl İbrahimlinin ötürdüyü topu boş qapıya göndərdi. 45-ci dəqiqədə yenidən səhnəyə çıxan Davit bu dəfə Rüstəm Əhmədzadənin ötürməsini dəqiq zərbə ilə tamamladı və ilk hissədəcə mövsümün ilk het-trikini rəsmiləşdirdi.

Hesabdan və komandasının oyunundan narazı qalan “Səbail”in çalışdırıcısı Şahin Diniyev fasilədə birdən-birə 4 dəyişikliyə əl atdı – Mert Çelik, Vüsal Məsimov və Gitay Sofir və Madi Quetanı meydana buraxdı. Bu dəyişikliklər qonaqların oyununa müsbət təsir etdi və ikinci hissənin əvvəlindəcə “Səbail” qollardan birinin əvəzini çıxdı. Mert Çelikin də yaxından iştirak etdiyi hücumu Ayman Bouali dəqiq zərbə ilə tamamladı.

Qalan dəqiqələrdə hər iki komandanın təhlükəli hücumları oldu. “Səbail”də Fərid Nəbiyevə böyük ümidlər bəslənilsə də, o, mövsümün ilk matçında bacarığından aşağı səviyyədə oynadı. Fasilədən sonra əldə etdiyi qol epizodu zamanı qapıçı səddini keçə bilmədi. Əvəzində “dənizçilər”in yeni transferi Gitay Sofir fəallığı ilə seçilirdi.

“Zirə”nin heyətində isə Məqsəd İsayev özünü yaxşı tərəfdən göstərdi. Tez-tez hücuma qoşulan İsayev epizodların birində Volkovun poker etməsi üçün şərait yaratsa da, Davit onun ötürməsini dəqiq baş zərbəsi ilə tamamlaya bilmədi. Ardınca Məqsəd özü qol vurmağa yaxın olsa da, qapıçı ilə üzbəüz qaldığı epizodda topu ayağından çox irəli atdı, nəticədə “Səbail” üçün təhlükə sovuşdu.

Matçda son nöqtəni 90+4-cü dəqiqədə “Zirə”nin futbolçusu İssa Cibrila qoydu. Əla formada olan Cibrila uzaq məsafədən “doqquzluğu” dəqiq nişan alaran ilk turun ən baxımlı qollarından birinə, bəlkə də, birincisinə imza atdı.

Beləliklə, ilk tur bəzi komandaların artıq formaya düşdüyünü, bəzilərinin isə hələ bir neçə tura ehtiyacının olduğunu üzə çıxartdı. İstənilən halda, start cari mövsümün də rəqabətli keçəcəyinin mesajını verdi.

AĞA

Shares: