“Qarabağ” illərdir bu tipli rəqiblərlə oyunlarda əziyyət çəkir. Ağdamlıları ciddi analiz edib ağıllı qapanan klublar istədiyi nəticəni qazanır.
Yox, söhbət heç də çempionumuzun B planının olmamasından getmir. Sadəcə, “Qarabağ”ın o qədər zəngin hyəti yoxdur ki, hər rəqibə görə fərqli futbol oynasın. Qurban Qurbanov oyun tərzinə sadiq qalır və bəzən nəticə ürəkaçan olmur.
“Ludoqorets” “Qarabağ”ın ötən mövsüm məğlub etdiyi bir çox komandadan daha zəifdir. Lakin komandanın çox ağıllı baş məşqçisi var. Bolqarlar dünən lazım olanda özü oynadı, istəyəndə bizimkilərə oynamaq şansı verdilər. Amma qol vurmaq üçün də cəhd etdilər və istəklərinə çatdılar. Hətta iki epizodda bəxtimiz də gətirdi. Düzdür, “Qarabağ”ın da qol vurmaq üçün bir neçə şansı oldu. Hücumda işlər yolunda getməyəndə isə ağırlıq müdafiənin üzərinə düşdü və fəsadını yaşadıq.
Qonaqlar təmsilçimizin yarımmüdafiə xəttinin işləkliyini azalda bldi. Hücum oyunçularımıza daha daha ciddi nəzarət edib “Qarabağ”ı zəif nöqtəsindən vurdular. “Linkoln”la oyunların ağdamlıların müdafiəsindəki problemləri “gizlətdiyini” vurğulamışdıq. Bolqarlar məhz arxa xətdəki çatışmazlıqları üzə çıxartdı. Amma buraxılan iki qol təkcə müdafiəçilərin günahl deyildi, ağdalılar komanda şəklində yaxşı müdafiə oluna bilmədi. Rəqib orta sahəni sürətlə keçməyə nail olurdu və bunda yarımmüdafiəçilərin nöqsanı az deyildi.
“Qarabağ” bu rəqibi yüksək pressinqlə qapısına həbs etməli idi. Qurbanovun yetirmələri bunu bacaranda bolqarlar çarəsiz qalırdı, təzyiq azalanda isə bizim qapı önündə təhlükə yaranırdı. Rəqibin kobudluğa yaxın aqressiv oyunu yekun nəticədə əksini tapdı. Bu məqamda hakimin rəqibə rəğbəti də qeyd edilməlidir.
Nəticəyə baxmayaraq, “Qarabağ”ın bu rəqibi Bolqarıstanda yenə biləcəyini düşünürəm. “Ludoqorets”in oyununu analiz edib ona qarşı əks-həmlə etmək mümkündür. Təmsilçimizin heyətində fərdi bacarığı yüksək olan daha çox oyunçu var və səfərdə bundan yararlanmaq lazımdır. Razqradlıların iki aparıcı oyunçusunu (biri zədə, biri cəza üzündən) itirdiyini nəzərə alsaq, revanş almaq mümkündür. Çünki sıradan çıxanlar ümumi ansamblın iki önəmli siması idi.
Sırf oyuna baxsaq, nəticə ədalətsizdir. “Qarabağ” ən azı heç-heçəyə layiq idi. Lakin indi keçmişlə yaşamaq doğru deyil, heç nə dəyişməyəcək. Mühüm olan futbolçuların gedişatı dəyişmək üçün bir şey fikirləşməsidir. Çempionlar Liqasında yola davam etmək üçün Qurban Qurbanovun yetirmələri Bolqarıstanda mövsümün oyununu oynamalıdır. Potensial var, səhvlərdən nəticə çıxarıb düzgün köklənmə ilə bu rəqibi hətta darmadağın da etmək olar.
FƏRİD