“İnanıram ki, səfərdə rəqibi məğlub edib, turu keçəcəyik”. Bu sözləri “Qarabağ” – “Ludoqorets” oyunundan sonra jurnalistlərə açıqlamasında Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl deyib.

O rəqibin çümpionumuzu əla analiz etdiyini dilə gətirib: “Oyunda qarşı tərəfin “Qarabağ”ı yaxşı təhlil etdiyi görsəndi. Komandamın bu axşam göstərdiyi performansdan çox razıyam. Mənim üçün əsas komandanın içindəki iradədir. Oyun üstünlüyü sözsüz ki, “Qarabağ”da idi. Çox fürsətlər olsa da, bəxtimiz gətirmədi. Futbolda belə şeylər olur. Deyərdim ki, bu axşam onları xilas edən qapıçıları oldu. Bolqarıstan çempionudular. Avropakubok oyunları ağır keçir. Biz heç bir rəqibi özümüzdən kiçik görmürük. Məsələ hələ qurtarmayıb. İnşallah, mən də komandayla birlikdə Bolqarıstanda olacam, onlara dəstək verəcəm. Bugünkü performansın üstünə bir az daha qoyub, sürpriz yaratsaq, inanıram ki, qələbə ilə qayıdacağıq. Çünki onlardan da bu gün təcrübə qazandıq”.

Tahir bəy hədəfin Çempionlar Liqasının qrupuna düşmək olduğunu bildirb: “Bu gün gördüyünüz əzm Çempionlar Liqasının əzmidir. Biz səfərə qalib gəlmək üçün gedəcəyik”.

Gözəl Premyer Liqada da mübarizənin gərgin keçəcəyini düşünür: “Bu il daha çətin olacaq. Amma çətin oyunlar bizi belə matçlara daha da gözəl hazırlayıb, formalaşdırır. Biz həmişə yerli futbolun inkişafını dəstəkləyirik. Çünki Avropaya çıxanda bu təcrübənin faydasını görürük”.

GÜNAY SÜLEYMANOVA

Shares: