“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk oyununda “Turan Tovuz”la qarşılaşdınız. Qolsuz bərabərliklə nəticələnən matçı necə dəyərləndirirsiniz? Nəyə görə bu görüşdə qələbə qazana bilmədiniz?

– Mövsümə uğurlu start vermək, azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirdik, ancaq alınmadı. İlk turda istəyimizi reallaşdırmağı bacarmadıq. Baş məşqçinin bizdən tələb etdiyi oyunu göstərə bilmədik.

– Digər klublarımız kimi, “Neftçi”nin də heyətində yeni futbolçular var. Necə düşünürsünüz, onlar komandanızı gücləndirə biliblər?

– Bəli, “Neftçi”yə bir neçə yeni futbolçu gəlib. Komandanın bir üzvü kimi onu deyə bilərəm ki, hamısı yaxşı, səviyyəli oyunçulardır. Əminəm ki, qarşıdakı turlarda bunu isbat edəcəklər. Onların “Neftçi”yə xeyir verəcəklərinə şübhəm yoxdur.

– Çempionatda növbəti oyununuz “Səbail”ə qarşı olacaq. Bu görüşdən gözləntiniz nədir? Azarkeşlərinizi qələbə ilə sevindirə biləcəksiniz?

– Qalib gəlmək istəyirik. Meydana 3 xal üçün çıxacağıq. İnanıram ki, bu dəfə azarkeşlərimizi qələbə ilə sevindirə biləcəyik.

– “Neftçi” cari mövsümdə çempionluq mübarizəsi apara biləcək? Yoxsa sizin üçün 2-ci və ya 3-cü yer də uğurlu nəticə sayılacaq?

– Bu barədə danışmaq üçün hələ tezdir. Çempionat yeni başlayıb, cəmi 1 tur oynanılıb, qarşıda 35 tur var. Mövsümün gedişatı hər şeyə aydınlıq gətirəcək.

– “Neftçi”nin hazırkı baş məşqçisi Roman Qriqorçukla vaxtilə “Qəbələ”də də bir yerdə işləmisiniz. Onun “ağ-qaralar”a gəldiyini biləndə sevindiniz?

– Bəli, mən “Qəbələ”də də onun rəhbərliyi altında oynamışam. Buna görə də Roman Qriqorçuku yaxşı tanıyıram. Güclü mütəxəssis olduğunu bildiyim üçün “Neftçi”yə gəlişinə sevindim.

– Qriqorçukun gəlişindən sonra “Neftçi”də nə dəyişib?

– Dediyim kimi, Qriqorçuk yaxşı məşqçidir. Sadəcə, dəyişiklik etməsi üçün ona vaxt lazımdır. İstənilən məşqçiyə öz komandasını formalaşdırması üçün zaman verilməlidir. Qriqorçukun “Neftçi”də də yaxşı işlər görəcəyinə inanıram.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp