Göygöl Olimpiya kompleksində müxtəlif ölkələrin sərbəst güləş üzrə milli komandaları təlim-məşq toplanışı keçirlər.

Avqust ayının 5-dən start götürən toplanışda ABŞ, Rusiya, Qazaxıstan və ev sahibi Azərbaycan komandalarının  üzvləri  iştirak edir. Ümumilikdə 4 ölkənin 300-dən artıq güləşçisi hazırlığa cəlb edilib. Pəhləvanlar müxtəlif yaş kateqoriyasındandır.

Abil İbrahimov (əməkdar məşqçi): “Çox sevindirici haldır ki  Azərbaycanda belə bir tədbir keçirilir. Səhv etmirəmsə, toplanış və yoldaşlıq görüşlərinin təşkilinə görə ilk belə böyük tədbirdir. Toplanışdakılar arasında Avropa, dünya çempionları və mükafatçıları var. Beynəlxalq təlim-məşq toplanışı həm komandalar arasında təcrübə mübadiləsi, həm də qarşıdan gələn yarışlara hazırlıq xarakterlidir”.

Arkail Griffin (ABŞ-dən olan güləşçi): “Burada olduğum üçün xoşbəxt və eyni zamanda şanslıyam. Təlim-məşq toplanışı qarşıdakı yarışlara hazırlaşmaq baxımından böyük əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən olan idmançılarla birgə hazırlaşırıq. Gəldiyim gündən bəri Azərbaycanı çox bəyənmişəm. Buranın insanları çox mülayim və eyni zamanda qonaqpərvərdirlər. Düşünürəm ki, burada qazandığımız təcrübənin bizə çox böyük köməyi olacaq”.

Olzhas Olzhakanov (qazaxıstanlı güləşçi): “Qazaxıstandan gəlmişik. Göygöl yarışlar öncəsi məşq etmək üçün əla yerdir. Buranın havası və təbiəti çox gözəldir. Digər ölkələrdən olan güləşçilərlə məşq edən zaman bir-birimizdən nələrisə öyrənirik, təcrübə qazanırıq. Eyni zamanda bu məşq toplanışı mənə Azərbaycanı tanımaq üçün gözəl bir fürsət yaratdı.Yaxın zamanlarda buradan ayrılacağım üçün məyusam”.

Zirəddin Bayramov (Avropa çempionu): “Bu şəraiti bizə  yaratdığı üçün AGF-yə təşəkkürümü  bildirirəm. Burada məşqçilərin də çox əziyyəti var. Yüksək səviyyəli toplanışdan ancaq fayda götürürük. Bura Olimpiada toplanışından gəlmişik. İdmançı kimi yüksəlişimiz daha çox olacaq”.

Təlim-məşq toplanışında məşqçilər korpusu həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət ayırır. Sərbəst güləşçilərin Göygöl toplanışı avqust ayının 11-də yoldaşlıq görüşləri ilə yekunlaşacaq.

BƏHRUZ MUSAYEV, GÖYGÖL

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp