Rumıniyanın baş naziri Marsel Çiolaku Olimpiadanın avqustun 11-də keçiriləcək bağlanış mərasimini boykot etdiyini açıqlayıb. Bu barədə siyasətçi sosial şəbəkədə yazıb.

Çiolaku bildirib ki, bir gün əvvəl idman gimnastikası yarışında yaranan qalmaqal fonunda Fransaya getməkdən imtina edir: Rumıniyalı Ana Berbozu əvvəlcə sərbəst hərəkətlərdə bürünc medalın sahibi elan edilmişdi, lakin nəticələr dəqiqləşdirildikdən sonra o, dördüncü yerə düşmüşdü.

“İdmançılarımızla vicdansız rəftardan sonra Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimində iştirak etməmək qərarına gəldim”, – deyə Rumıniyanın baş naziri yazıb. “Nə məşqçilərin, nə də mütəxəssislərin başa düşmədiyi müraciət əsasında gimnastımızın zəhmətlə qazanılan medaldan məhrum edilməsi qətiyyən yolverilməzdir!” Dünyanın hər yerindən televiziya tamaşaçılarının, biz rumınlar kimi, bu dəhşətli mənzərədən sarsılması faktı onu deməyə əsas verir ki, yarışların təşkili sistemində haradasa nəsə düzgün deyil”.

Baş nazir əlavə edib ki, bu dəfə “heç kimlə mübahisə etmək niyyətində deyil” və öz hərəkətini “öz dəyərlərini sübut etmiş rumınlara qarşı açıq-aşkar ədalətsizliyə” etiraz adlandırıb.

Xatırladaq ki, bazar ertəsi qadın idman gimnastikasında final yarışları baş tutub. Braziliyalı atlet Rebeka Andrade sərbəst hərəkətlər üzrə yarışmada qalib gəlib, amerikalı Simona Baylz isə gümüş medal qazanıb. Bürünc uğrunda mübarizənin nəticəsi dramatik olub. Əsas mübarizə üç idmançı arasında gedib: rumıniyalılar – Ana Berbozu, Sabrina Voynya, eləcə də ABŞ-dən Cordan Çaylz.

Hakimlər Voynyanı 0,100 xaldan məhrum ediblər və Rumıniya millisinin məşqçilər korpusunda cərimə ilə bağlı etiraz yaranıb. Ardınca isə hakimlər üçüncü yeri Rumıniya bayrağı ilə uğurunu qeyd etməyə başlayan Berbozudan alaraq Çaylza veriblər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp