“Neftçi” heyətinə qatmağa çalışdığı iki futbolçudan birinin keçidini həll edib. Hücumameylli yarımmüdafiəçi Rafael Quzzo Bakı klubuna keçməyə razılıq verib.

Futbolinfo.az xəbər verir ki, 29 yaşlı Brazilya əsilli portuqaliyalının son klubu “Şaviş” olub. Bu klubda 119 oyuna çıxan Quzzo 19 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Quzzo bu ilin yanvarında “Qoyas”dan (Braziliya) “Şaviş”ə keçmişdi. Mövsüm bitən kimi o, yeni klubu ilə də vidalaşıb. “Şaviş” onun yetişdiyi klubdur. 2008-ci ildə “Benfika”nın U-15 komandasına keçən yarımmüdafəçi, sonradan bir sıra Portuqaliya, İspaniyanın aşağı liqa təmsilçilərində forma geyib. Amma o heç vaxt hansısa kluba transfer edilməyib. Rafael ya icarəyə verilib, ya da azad agent kimi iş yerini dəyişib.

Bu qədər uğursuz karyeraya malik 29 yaşlı (!) birinin “Neftçi”yə transferi düşündürücüdür. Onun indi klubun canını qurtara bilmədiyi Lukas Melanonun tayı olmaq ehtimalı böyükdür.

Yeri gəlmişkən, Melanonun adı “Neftçi”nin PFL-dəki iştirak ərizəsindən çıxarılıb. Argentinalı ilə yollar rəsmən ayrılan kimi bakılıların daha bir hücumçu alacağı dəqiqdir.

Shares: