“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev hazırda çalışdırdığı “Krasnodar”dan qovula bilər.
Futbolinfo.az xəbər verir ki, bu iddia ilə rusiyalı məşqçi İqor Kolivanov çıxış edib.
Rusiyanın gənclər millisinin sabiq baş məşqçisinin fikrincə, “Krasnodar”ın Premyer Liqada mövsümə uğursuz start götürməsi həmkarının tezliklə işsiz qalması ilə nəticələnə bilər: “Krasnodar”ın gözəl prezidenti var. Sergey Qalitski şəhər və futbol üçün çox şey edib. Ancaq hər şey nəticədən asılıdır. Hansı məşqçi olursan ol, nəticə uğursuzdursa, gec-tez qovulacaqsan. “Krasnodar” çox az qol vurur. Çempionatın zəif komandaları ilə qarşılaşmalarda bunu hiss etdik. Bilmirəm, problem baş məşqçidədir, yoxsa başqasında. Bəlkə də komanda ötən mövsüm çempionluq şansını əldən verdiyi üçün intizamsız oyun göstərir”.
Qeyd edək ki, “Krasnodar” Premyer Liqanın geridə qalan ilk 3 turunda 3 xal toplayıb.