“Turan Tovuz” klubunun moldovalı müdafiəçisi Denis Marandiçinin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk turunda “Neftçi”nin qonağı oldunuz və səfərdən 1 xalla qayıtdınız. Sizcə, nəticə oyuna görə oldu?

– “Neftçi” ilə səfərdə heç-heçə pis nəticə deyil. Çünki “Neftçi” həmişə güclü komanda sayılıb. Rəqib evdə daha yaxşı oyun göstərir. Buna baxmayaraq, biz də meydana qələbə üçün çıxmışdıq. Amma 1 xalla kifayətlənməli olduq. Bundakı sonrakı matçlarda hədəfimizə çatmağa, 3 xal qazanmağa çalışacağıq. “Neftçi” ilə oyun asan qarşılaşma deyildi. Hamı gördü ki, meydançanın vəziyyəti pis idi və bu, hər iki komandaya çətinlik yaradırdı. Dediyim kimi, ilk turda “Neftçi” kimi ciddi rəqibdən 1 xal almaq pis nəticə deyil.

– Bu yay bir neçə futbolçu ilə yollar ayrıldı, əvəzində komandanıza yeni oyunçular cəlb edildi. Heyətdəki dəyişikliklər “Turan Tovuz”a necə təsir edəcək?

– Bunun “Turan Tovuz”a pis təsir edəcəyini düşünmürəm. Tək bizdə yox, çempionatdakı bütün komandalarda dəyişikliklər baş verib və bu, normal haldır. Futbol belə oyundur ki, heyətdə müntəzəm dəyişikliklər baş verə bilər və bu, komandanın çıxışına mənfi təsir göstərməməlidir. Artıq 6 həftədir ki, bir yerdə məşq edirik, hazırlaşırıq. Ümid edirəm ki, heyətdəki dəyişikliklər “Turan Tovuz”a ancaq müsbət mənada təsir göstərəcək.

– “Turan Tovuz”da ötən mövsümləri Ayxan Abbasovun rəhbərliyi altında keçirdiyiniz halda, hazırda Kurban Berdıyevlə çalışırsınız. Yeni məşqçinizlə bağlı nə deyə bilərsiniz? Onunla Abbasov arasında hansı fərqlər var?

– Çətin sualdır. Şübhəsiz, Kurban Berdıyev kimi mütəxəssislə işləmək komandamızın hər bir üzvünün ürəyincədir. Amma biz Ayxan Abbasovdan da razı idik. Fərqli məşqçilərdir, fərqli oyun planları və tələbləri var. Onlar arasında hansı fərqlərin olduğunu müzakirə etmək istəmirəm. Mənim işim məşqçinin kimliyindən asılı olmayaraq, bütün məşqlərdə və oyunlarda maksimum bacarığımı göstərmək və tələb olunanları yerinə yetirməkdir.

– Çempionatda növbəti oyununuzu evdə “Sumqayıt”a qarşı keçirəcəksiniz. Bu görüşdən gözləntiniz nədir?

– Ağır oyun olacaq. Hamı keçən mövsüm “Sumqayıt”ın qazandığı uğurlu nəticədən xəbərdardır. Görürük ki, bu mövsüm də yaxşı komanda olaraq qalıblar və baxımlı futbol oynayırlar. Amma dediyim kimi, məqsəd bütün oyunlarda qələbə qazanmaqdır. Məşqlərdə var gücümüzlə çalışırıq ki, “Sumqayıt”ı məğlub yola sala bilək. Hazırda bütün fikrimizi bu görüşə yönəltmişik. 3 xal qazanmağı hədəfləmişik.

– “Turan Tovuz” bu mövsüm avrokuboklara vəsiqə əldə edə biləcək?

– Şəxsi fikrim budur ki, komandamız bunun öhdəsindən gələ biləcək. “Turan Tovuz”da keçirdiyim əvvəlki 2 mövsümdə də avrokuboklara vəsiqə qazanmağa yaxın idik. Hədəflər barəsində klub rəhbərliyi və məşqçilərimiz danışa bilərlər. Bizim işimiz hər oyuna qələbə qazanmaq üçün çıxmaqdır.

– Əksəriyyət cari mövsümün daha çətin və rəqabətli keçəcəyini düşünür. Siz bu fikirlə razısınız?

– Keçən sezon da ağır keçmişdi. Şübhəsiz, bu mövsüm daha çətin və rəqabətli keçəcək. Çünki çempionatdakı bütün komandalar gücləniblər. Ötən sezon “Qarabağ” çempionluq mübarizəsində rəqiblərini böyük fərqlə qabaqlaya bildi. Amma avrokuboklara vəsiqə və liqada qalmaq uğrunda gərgin mübarizə getdi, komandalar bir-birlərini cüzi xal fərqi ilə üstələyirdilər. Bu mövsümün də rəqabətli keçəcəyini düşünürəm. Düzdür, çempionat hələ yeni başlayıb. Amma görünür ki, bütün komandalar yaxşı futbol oynamaq gücündədirlər. Bu, sezonun ağır keçəcəyindən xəbər verir.

ABBAS

Shares: