“Qarabağ”ın üstünülüyü var idi. Tam olmasa da, əvvəlki matçdakı kimi olmasa da, təmsilçimiz üstün idi”. Bunu futbolinfo.az-a açıqlamasında Bolqarıstanın “Arda” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Cəlal Hüseynov deyib.
Müdafiəçi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində baş tutan “Qarabağ” – “Ludoqorets” (1:2) matçından danışıb: “Qarabağ” daha çox hücum edirdi. Sadəcə, əllərinə düşən imkanlardan istifadə edə bilmədilər. Çox qol epizodu yaratdılar. Rəqib də qolun birini standart vəziyyətdən vurdu, digəri də ani qol alındı. Bu gün məşqdə də uşaqlarla danışırdıq və onlar dedilər ki, “Ludoqorets” yaxşı oynadı. Amma əksini dedim və oyundan öncə də bildirmişdim ki, “Qarabağ” mərhələni keçəcək. İndi də fikrimdə qalıram. Azərbaycan təmsilçisi mərhələni keçən tərəf olacaq. “Qarabağ” “Ludoqorets”dən qat-qat səviyyəli komandadır. Alınmayanda olmur, bu futboldur, belə hallar yaşanır. Bolqarlar səfərdə udsalar da, çox şey dəyişməyib, şanslar yenə də 50-50-yədir. Fikrimcə, “Qarabağ” səfərdə daha yaxşı nəticə qazanacaq”.
“Ludoqorets”in evdə üstünlüyü nədir” sualına bu ölkədə çıxış edən Hüseynov belə cavab verib: “Məncə, tək üstünlüyü səfərdə qələbəsidir. Azarkeş kütləsi, ultras fanları yoxdur. Oyuna baxmağa normal əhali gəlir. Heç çempionat matçlarına da maraq olmur. Stadion da o qədər böyük deyil. “Qarabağ”ın futbolçuları daha çətin səfərlərdə olublar. Məncə, bunun öhdəsindən gələcəklər”.
Yığmamızın üzvü “Ludoqorets”in əsas futbolçularından olan Bernard Tekpeteyin zədələnməsinin Razqard təmsilçisi üçün çox ciddi itki olmayacağını açıqlayıb: “Onun ayağının sındığını deyirlər. Amma inanmıram ki, böyük dəyişiklik olacaq. Oyunda da göründü ki, bu, böyük problem deyil. Çünki matçın taleyini başqa futbolçular həll etdi. “Ludoqorets”in heyətində olan 20-25 futbolçunun hamısı eyni səviyyədədir. Yüksək səviyyəli oyunçulardır. Onları təkcə Tekpeteyə bağlamaq olmaz, onun səviyyəsində oyunçu çoxdur”.