2021-ci ildən legioner həyatı yaşayan Mahir Emrelinin karyerasında yeni dönəm başlayır. Yığmamızın üzvü Polşa, Xorvatiya və Türkiyədən sonra Almaniyada özünü sınayacaq.
Bugünlərdə II Bundesliqa klubu “Nürnberq”lə 1 illik müqavilə bağlayan Mahirə yeni komandasında inam böyükdür. Qalır etimadı doğrultmaq…
Legioner həyatına “Legiya”da start verən Emrelinin Polşadakı karyerası çox uğurlu başlamışdı. Tez bir zamanda Varşava təmsilçisinin aparıcı üzvünə çevrilən həmyerlimiz, qollarını sıralayır, böyük gələcək vəd edirdi. Lakin zaman keçdikcə həm Mahirin, həm də “Legiya”nın çıxışında eniş yaşandı. Nəticədə qatı “Legiya” azarkeşləri klubun avtobusuna hücum çəkdilər və döyülən oyunçulardan biri Emreli oldu. Bu hadisə “Legiya”da 33 oyunda 11 qol vuran Mahirin “Varşava dəftəri”ni bağlaması ilə nəticələndi. 27 yaşlı forvard klub rəhbərliyinə ayrılmaq istəyini çatdırdı və buna nail oldu.
Zaqreb “Dinamo”suna transfer edilən Emrelinin Xorvatiya karyerası istədiyi kimi alınmadı. Burada olduğu müddətdə 47 oyunda 10 qola imza atsa da, əsas heyətdəki yerini möhkəmdə bilmədi. Bu səbəbdən xorvatlar 2023-cü ilin əvvəlində onu “Konyaspor”a yarım mövsümlük icarəyə verdilər. Türkiyə Superliqasında 12 matçda 2 dəfə fərqlənən futbolçumuz burada da çox qalası olmadı.
Yenidən “Dinamo”ya qayıdan Mahirin başqa komandaya keçəcəyi çoxdan gündəmdə idi. Mahir Zaqreb klubundan canını qurtarmaq istəyirdi, “Dinamo” isə Mahirdən. Nəhayət, bu proses həyata keçdi və millimizin hücumçusu Almaniyaya köçəsi oldu.
II Bundesliqada çıxış edən “Nürnberq”in Emreli ilə danışıq apardığı əvvəlcə inandırıcı gəlməsə də, sonra məlum oldu ki, almanlar həqiqətən də Mahiri heyətlərinə qatmaqda maraqlıdırlar. Emreliyə yeni klubunda ümidlər böyükdür. Bunu klub rəsmisi Yoti Çatzialexunun açıqlamasından da anlamaq mümkündür: “Biz şüurlu şəkildə bu transferə qərar verdik, çünki Mahirin keyfiyyətinə əminik. O, təcrübəli hücumçudur və məqsədin nə olduğunu bildiyini nümayiş etdirir. “Nürnberq” olaraq bu kateqoriyadan bir oyunçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır”.
“Nürnberq”in digər rəsmisi Olaf Rebbenin də Mahirlə bağlı fikri müsbətdir: “Mahir hücumçunun ehtiyac duyduğu bir çox komponentləri özündə birləşdirir. O, yaxşı göstəricilərə malikdir, texniki cəhətdən keyfiyyətlidir, həmçinin güclü bitiricilik bacarığı var. İndi bizim işimiz onu mümkün qədər tez komandaya və oyunumuza inteqrasiya etməkdir”.
“Nürnberq”in tarixindən bəhs etmək fikrimiz yoxdur. Onsuz da əksəriyyət bu klubun zəngin keçmişinin olduğundan xəbərdardır. Təkcə onu demək bəs edər ki, “Nürnberq” 9 qat Almaniya çempionudur. Düzdür, sonuncu belə uğuru 1967/68 mövsümünə təsadüf edib və həmin nailiyyətin üstündən xeyli vaxt keçib. Ötən mövsümü isə komanda 18 komandanın yarışdığı II Bundesliqada 12-ci yerdə bitirib.
“Nürnberq”i futbol azarkeşlərinin yaxşı tanıdığı Miroslav Kloze çalışdırır. Dünya çempionatları tarixində ən çox (16) qol vuran sabiq hücumçu bu ilin iyun ayında komandanın “sükanı arxasına” keçib. 46 yaşlı dünya çempionu bundan əvvəl Almaniyanın gənclərdən ibarət yığmasına və Avstriyanın “Altax” klubuna rəhbərlik edib. Mahirin transferini istəyənlərdən biri məhz Kloze olub. Bu isə baş məşqçinin də ona böyük ümidlər bəslədiyini göstərir.
4-5-1 taktiki sxeminə üstünlük verən Klozenin həmyerlimizi hansı mövqedə – hücumun mərkəzində, yoxsa cinahda oynadacağı hələ məlum deyil. Hər iki halda, Mahir rəqabətdən qalib ayrılmalıdır. Komandanın heyəti onu deməyə əsas verir ki, Emreli hər iki mövqedə özünə rahatlıqla yer edə bilər. Təbii ki, bunun üçün yaxşı forma yığmaq lazımdır. Əsl formasını bərpa etsə, Mahirin “11-lik”də yer almaq şansı çoxdur.
Klozenin gəlişindən sonra xeyli sayda yeni futbolçu transfer edən “Nürnberq” yay hazırlıq prosesində 3 oyun keçirib. Əvvəlcə “Münhen 1860” klubu ilə 1:1 hesablı heç-heçə ediblər və bu görüşdə Lukas Şlyaymer fərqlənib. Mahirin rəqabət aparacağı komanda yoldaşlarından biri məhz odur. 2021-ci ildən “Nürnberq”in formasını geyinən Şlyaymer həm hücumun sivri ucunda, həm də “10 nömrə” kimi oynamağı bacarır.
Komandanın digər mərkəz hücumçusu Yunanıstanın PAOK klubundan bu yay icarəyə götürülən Stefanos Tzimasdır. “9 nömrə” “Münhen 1860” ilə görüşdə start heyətdə yer alıb. Ancaq 18 yaşlı futbolçu özünü yaxşı tərəfdən göstərə bilməyib və fasilədə onu əvəzləyən Şlyaymer ikinci hissədə bərabərlik qolunu vurub.
“Nürnberq”in digər mərkəz hücumçusu 19 yaşlı Dastin Forkeldir. Kloze gənc forvardın yaxın gələcəkdə güclü hücumçuya çevriləcəyinə inanır. Yay toplanışı zamanı “Bləkbörn”ə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama matçında qollardan birinə məhz Forkel imza atıb. Digər qolun müəllifi isə yuxarıda adını qeyd etdiyimiz, yunanıstanlı Tzimas olub.
“Nürnberq” bu yay keçirdiyi son yoxlama matçında sürprizə imza ataraq “Yuventus”u 3:0 hesablı məğlubiyyətə uğradıb. Gənc Forkel bu görüşdə də fərqlənib. Digər qolları isə yarımmüdafiəçilər – Kaspar Yander və Tim Yaniş vurublar.
Klozenin ixtiyarında olan mərkəz hücumçularından biri də Janni Serradır. 26 yaşlı forvard bu yay icarəyə götürülüb. Qısası, Mahir mərkəz hücumçusu mövqeyində oynamaq üçün Lukas Şlyaymer, Stefanos Tzimas, Dastin Forkel və Janni Serra ilə rəqabətdən qalib ayrılmalıdır. Yaxşı formada olacağı halda, Mahirin bunu bacaracağına şübhə yoxdur.
Klozenin taktiki sxemində cinah yarımmüdafiəçiləri, daha dəqiq desək, vingerlər xüsusi yer tuturlar. Çempionatın ilk turunda “Karlsrue” ilə matça da 4-5-1 taktiki sxemi ilə çıxıblar. Bu sxemdə oynayan komandalar hücuma keçərkən meydandakı düzülüş 4-3-3-ə, yarımmüdafiənin cinahlarında yer alan futbolçular isə hücumçuya çevrilirlər. Bilirik ki, Mahir vinger mövqeyində də oynamaq bacarığına malikdir və bu səbəbdən Klozenin ona cinahlarda şans verəcəyi də istisna deyil. Təbii ki, burada da Mahiri rəqabət gözləyir.
“Nürnberq”in cinahlarında ümid bəslənilən əsas oyunçulardan biri Kanji Okunukidir. Sağ cinahda çıxış edən yapon oyunçu 2023-cü ildən bu komandanın üzvüdür. Kloze sol vinger mövqeyində isə Florian Pikə şans verir. 29 yaşlı futbolçu bu yay “Heydenheym”dən transfer olunub.
Yeri gəlmişkən, ilk turda səfərdə “Karlsrue”yə 2:3 hesabı ilə uduzduğu matçda “Nürnberq”in hər iki qolunu məhz vingerlər vurub. Okunuki və Pikin qolları sayəsində komanda 2 top fərqi ilə önə keçsə də, qələbə hesabını qoruya bilməyib.
Klozenin ixtiyarında daha bir cinah yarımmüdafiəçisi var. Söhbət Benjamin Qollerdən gedir. 25 yaşlı futbolçu ötən ildən “Nürnberq”də oynayır. O, keçən mövsüm II Bundesliqada 12 görüşdə 2 dəfə fərqlənib.
Göründüyü kimi, Mahir əsl formasını yığa bilsə, həm hücumun sivri ucunda, həm də cinahlarda “Nürnberq”in aparıcı üzvünə çevrilə bilər. Ramil Şeydayev, Musa Qurbanlı və digərləri ilə müqayisədə, Emrelinin Azərbaycana qayıtmaması, israrla legioner həyatını davam etdirmək istəməsi təqdirəlayiq haldır. Ancaq hər il klub dəyişmək uğurlu legioner həyatı demək deyil. Mahirdən “Nürnberq”in əsas heyət üzvünə çevrilməsi və qollarını sıralamasını gözləyirik.
FƏRİD