Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləşçilərin mübarizəsi start götürəcək. İlk gündə iki çəkidə qarşılaşmalar başlayacaq. Azərbaycan millisi hər iki kateqoriyada təmsil olunacaq. Güləş yarışları Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

Sərbəst güləş

57 kq

1/8 final

Əliabbas Rzazadə yarışa 1/8 finaldan başlayacaq. Avropa çempionatlarının qızıl və gümüş mükafatçısının ilk rəqibi Özbəkistan təmsilçisi Qulomjon Abdullayev olacaq.

86 kq

Osman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxacaq. O, monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gələcək.

Bədii gimnastika

Bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq. Avropa çempionatının bürünc mükafatçısı olan (2023) Zöhrə  əvvəlcə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək, ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək.

Yunan-Roma güləşi

Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Həsrətin bürünc medal uğrunda görüşünün saat 20:15-də başlanması nəzərdə tutulub. Həsrət ikiqat Avropa çempionu (2023 və 2024-cü illər), dünya çempionatının gümüş və bürünc mükafatçısıdır.

Azərbaycan hazırda medal sıralamasında 22-ci pillədədir. Bu, taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat əldə etməsi sayəsində mümkün olub. Hələlik komandanın aktivində iki qızıl və bir gümüş medal var.

Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib. O, mübarizəyə davam etdiyi üçün medal cədvəldə göstərilməyib.

Ukrayna (3 qızıl, 2 gümüş, 3 bürünc) 17-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 32-ci, İran (1 qızıl, 2 bürünc) 43-cü, Ermənistan (2 gümüş, 1 bürünc) 55-ci, qardaş ölkə Türkiyə (1 gümüş, 3 bürünc) 58-ci sıradadır.

İlk “üçlük”də ABŞ (27 qızıl, 35 gümüş, 32 bürünc), Çin (25 qızıl, 23 gümüş, 17 bürünc) və Avstraliya (18 qızıl, 12 gümüş və 11 bürünc) yer alıblar.

Hələlik 80 ölkə mükafat əldə edə bilib.

Shares: