Azərbaycan milli komandasının sabiq futbolçusu Ceyhun Sultanovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Ludoqorets”ə məğlubiyyəti (1:2) sizin üçün də gözlənilməz oldu?

– “Qarabağ”ın “Ludoqorets”ə uduzması faciə deyil. Komandamız əldə etdiyi qol imkanlarından lazımınca istifadə edə bilsəydi, nəticə belə olmayacaqdı. “Qarabağ” oyun baxımından rəqibinə məğlub olmadı. Ümumiyyətlə, “Ludoqorets” çempionumuzdan üstün komanda deyil. Deməli, bu məğlubiyyəti faciə hesab etmək olmaz. “Qarabağ”ın rəqibindən güclü komanda olduğunu düşünürəm. İlk oyunda uduzmaqla iş bitmir, hələ qarşıda cavab oyunu var.

– Deməli, “Qarabağ”ın səfərdə “Ludoqorets”i məğlubiyyətə uğradacağına və növbəti mərhələyə adlayacağına inanırsınız…

– İnanıram ki, “Qarabağ” Bolqarıstanda bu rəqibini məğlub edəcək. Çünki “Qarabağ” səfərdə daha yaxşı oynayır, nəinki evdə. Bayaq dediyim kimi, mən komandamızı “Ludoqorets”dən güclü sayıram. Sadəcə, bir nüans var. “Qarabağ” səfərdəki oyunda əlinə düşəcək qol imkanlarından maksimum istifadə etməlidir. Bunu bacaracağı halda, yüz faiz mərhələni keçəcək.

– Avrokuboklardakı digər təmsilçimiz “Zirə” isə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Osiyek”in qonağı olacaq. Komandamızdan səfərdə hansı nəticəni gözləyirsiniz? “Zirə”nin bu rəqibini keçmək şansı nə qədərdir?

– Bu rəqiblə ilk oyun olduğu üçün dəqiq fikir səsləndirmək olmur. Onu deyə bilərəm ki, “Zirə” keçən mövsümə baxanda indi daha möhkəm komandadır. Həm hücumda yaxşı oynayır, qollarını vurur, həm də müdafiədə etibarlı çıxış edir. İlk oyundan sonra daha dəqiq fikir deyə bilərəm. Səfərdə yaxşı nəticə qazana bilsə, “Zirə”nin növbəti mərhələyə çıxmaq şansı artar.

– Bu gün “Sabah” da Konfrans Liqasında oyun keçirəcək. “Makkabi”ni mübarizədən kənarlaşdıran təmsilçimizdən “Sent Patriks”lə səfər matçında gözləntiniz nədir? Sizcə, “Sabah” İrlandiyada lazım olan nəticəni qazana biləcək?

– “Sabah” da bu mərhələnin ilk oyununa çıxacaq. İrlandlar atletik, güc futboluna üstünlük verirlər. İlk oyunun nəticəsi mübarizənin taleyinə təsir edəcək. Bu matç mənə qapalı qutu kimidir. Həqiqətən də, kimin qalib gələcəyini demək çox çətindir. Amma düşünürəm ki, həm “Zirə”nin, həm də “Sabah”ın ilk oyundan sonra şansı öz əlində olacaq. Əgər səfərdə yaxşı nəticə əldə etsələr, bu mərhələni keçmək hər ikisi üçün mümkün olacaq. Rəqiblərin müqayisəsində “Osiyek” daha güclü və təcrübəlidir. Avrokuboklarda çıxışını davam etdirən bütün klublarımıza uğurlar arzu edirəm.

CAVAD

Shares: