“Özüm üçün də çox maraqlı və vacib seçim etdim. Hər şeydən də çox razıyam”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Almaniyanın “Nürnberq” klubuna transfer olunan Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib.
O, karyerası ilə bağlı verdiyi qərardan və yeni klubundan söz açıb: “Burada göstərdikləri diqqətdən, qayğıdan razıyam. Göstərilən münasibət məni məmnun edir. Baş məşqçidən də çox danışmağa ehtiyac yoxdur. Dünyanın tanınmış, seçilmiş futbolçularından biri səni çağırırsa, əvvəlcə bir düşünürdünsə, indi beş düşünürsən. Miroslav Kloze də hücumçu olub və ondan çox şey öyrənəcəyimi düşünürəm. Fikrim, arzum odur ki, bu il istədiklərimi həyata keçirim. Ümumilikdə böyük klubdur, hədəfləri böyükdür. İkinci liqada olmasına baxmayaraq hər kəs bu klubun tarixini bilir, “Bayern”dən sonra ölkənin ən titullu komandasıdır. Burada bir deyim var ki, “Nürnberq” həmişə “Nürnberq”dir”.
2 il Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış etmiş futbolçu bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Osiyek” – “Zirə” matçından da danışıb. O, Azərbaycan təmsilçisinin xorvatlara qarşı keçirəcəyi matçı bu cür şərh edib: “Osiyek” güclü komandadır. “Dinamo” ilə çempionatda rəqabət apara bilən komandalardandır. Amma “Zirə”nin keçə bilməyəcəyi rəqib deyil. Güclüdür, amma Azərbaycan təmsilçisinin “dişinə görə” komandadır. Hər şey bu oyundan hiss oluna bilər. Düşünmürəm ki, böyük fərq olacaq. Çox yaxşı stadionları var, yaxşı atmosfer olur. Bu arenada oynamaq xoşdur. Az-çox onlara oxşayan komanda ilə oynayıblar – “Şerif”i nəzərdə tuturam. “Zirə” ilk hissədə molvodalılara heç bir şans verməmişdi. “Osiyek” bəlkə “Şerif”dən bir az üstün olar. Bunu da onların fərdi keyfiyyəti yüksək olan futbolçularına görə deyirəm. İnanıram ki, Rəşad Sadıqovun komandası onları keçəcək və tarix yazacaq”.