“Şamaxı” klubunun belçikalı hücumçusu Conatan Bentekenin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə “Şamaxı”ya gəlişinizdən başlayaq. Başqa ölkələrdən də təklifləriniz var idi? Nəyə görə məhz “Şamaxı”nı seçdiniz?
– Başqa təkliflərim də var idi. Amma danışıq prosesində həmin layihələrin mənim üçün uğurlu olacağını hiss etmədim. Karyeramı Lüksemburqda davam etdirə bilərdim. Ancaq yeni çağırış, daha yaxşı çempionatda oynamaq istədim. “Şamaxı”nı seçdim, çünki mənim üçün doğru layihə olduğunu hiss etdim. Baş məşqçi ilə danışanda anladım ki, “Şamaxı” karyeramı davam etdirmək istədiyim klubdur.
– “Şamaxı”dan təklif alanadək Azərbaycan futbolu və Premyer Liqası haqda hər hansı bir məlumatınız var idi?
– Təkcə “Qarabağ” haqda məlumatım var idi. Başqa informasiyaya sahib deyildim. Ancaq “Şamaxı”dan təklif alandan sonra bir neçə şəxslə məsləhətləşdim. Onların hamısı Azərbaycan liqası haqda müsbət fikirlər səsləndirdilər.
– Məsləhətləşdiyiniz şəxslər kimlər idi?
– Azərbaycan çempionatını yaxşı tanıyan tanışlarım. Adlarını çəkmək istəmirəm.
– 2024/25 mövsümünün ilk oyununda səfərdə “Sabah”dan xal aldınız. Bu nəticəni gözləyirdiniz?
– “Sabah” kimi güclü komanda ilə qarşılaşmaq bizim üçün çox faydalı oldu. Bu oyun bizə çox şey qazandırdı. Dediyim kimi, “Sabah” yaxşı komandadır, Konfrans Liqasındakı çıxışını da davam etdirir. Təbii ki, bu cür rəqiblə səfər matçından xalla ayrılmaq bizi sevindirdi.
– Azərbaycan çempionatındakı ilk oyununuzda 64 dəqiqə meydanda oldunuz. Öz çıxışınızdan razı qaldınız?
– Çıxışımı normal qiymətləndirirəm. Təbii ki, daha yaxşı oyun göstərə bilərəm və özümdən bunu tələb edirəm. Ancaq yeni liqa, yeni çempionat və yeni baş məşqçiyə uyğunlaşmaq üçün mənə vaxt lazımdır. Adaptasiya üçün zaman istəməyim olduqca normaldır. Bir də “Sabah”la görüşdə özümü tam göstərməyim üçün fürsət olmadı, çünki çox qol epizodu yaratmadıq. Amma meydanda çox qaçdıq, daim hərəkət etdik. Nəzərə alın ki, hava da dəhşət isti idi. Lakin mövsümə məhz bu cür matçla başlamaq yaxşıdır. Çünki belə ağır görüşlər sizi növbəti oyunlara hazırlayır.
– Növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Bu oyundan gözləntiniz nədir?
– Biz bütün oyunlara xal və ya xallar qazanmaq üçün çıxırıq. “Araz-Naxçıvan”la görüşdə də yaxşı nəticəyə imza atmaq üçün əlimizdən gələni edəcəyik.
– Azərbaycan çempionatında ilk oyununu keçirmiş biri olaraq, Premyer Liqamızın səviyyəsi haqda nə deyə bilərsiniz? Sizcə, “Şamaxı” liqada yuxarı pillələr uğrunda mübarizə apara bilər?
– Azərbaycan Premyer Liqası yaxşı çempionatdır. Çünki bu liqada xeyli sayda güclü komanda çıxış edir. “Şamaxı”ya gəlincə, yaxşı kollektivimiz var. Baş məşqçimiz də güclü mütəxəssisdir, liqaya çox yaxşı bələddir. Məşqlərdə var gücümüzlə çalışırıq. Mövsümü bacardığımız qədər yaxşı pillələrdə bitirmək istəyirik.
FƏRİD