Paris Olimpiadası artıq başa çatmaq üzrədir. Olimpiya Oyunlarlına müxtəlif tərəflərdən qiymət vermək olar. Ümumilikdə oyunların yüksək səviyyədə keçdiyini söyləmək mümkündür.

Bizim toxunacağımız məsələ Olimpiadanın proqramıdır. Bu baxımdan ilk oyunlarla Parisdəki yarışları müqayisə etmək lazımdır.

Ancaq əvvəlcə 2024 Olimpiadasının proqramına salınmış növlərə diqqət yetirək. Tokio ilə müqayisədə burada breyk-dans, idman dağadırmanması, skeytbordinq və sörfinq növləri var idi. Bu növlərin Olimpiya Oyunlarının proqramına salınması qeyri-adi tərzdə şərh edilmişdi: yeni inklüziv standartlar, gender bərabərliyi və gənclərə yönəliliyin artırılması üçün müəyyənləşdirilmiş növlər.

6251719 1200 - Futbolinfo.az

Ümumiyyətlə, Olimpiadanın gələcəkdə gender bərabərliyini təmin etmək rolunun artıracağı şüarı çoxdan səslənir. Amma bütün bu işlər ziyan vermədən baş tutmalıdır.

Olimpiadanın açılış mərasimindəki biabırçılığı bütün dünya gördü. Xristian dininin ələ salınması və əxlaqı meyarlardan uzaq olan hərəkətlərin təbliği yolverilməzdir. Dünya hər nə qədər müasirliyə doğru getsə də, Tanrının yaratdığı qanun və qaydalardan kənara çıxmamalıdır. Bu baxımdan açılış mərasiminin ssenarisi gənclərə , xüsusilə də bizim gənclərə örnək olmamalıdır.

Əlavə edilən növlərin arasında xoşagəlməz təbliğat yoxdur. Ancaq onların nə dərəcədə idman olduğu sual altındadır. Nəzərə almaq lazımdır ki, bu növlər Tokio Olimpiadasının proqramında olan softbol, beysbol və karateni əvəz edib. Obyektiv baxdıqda, çıxarılan növlərin idmana daha yaxın olduğunu görürük. Təsəvvür edin ki, proqramda taekvondo var, amma ondan heç də geri qalmayan, hətta daha populyar olan karate yoxdur.

Breyk-dansın Olimpiadaya salınması isə ümumiyyətlə absurddur. Elə idman növləri vardır ki, illərdir Olimpiadanın proqramına daxil edilmir. Onların bir çoxu heç də marağına görə nə breyk-dansdan, nə dağadırmadan, nə də skeytbordinqdən geri qalmır. Nəzərə almaq lazımdır ki, Olimpiada böyük bir səhnədir və onun izləyicisi kifayət qədərdir, o zaman yeni növlərin qarşıdakı illərdə inkişaf tempi olacaq. Hətta onların növbəti Olimpiadada yer almaması belə müəyyən qədər təbliğatın qarşısını almayacaq.

Bizim vəzifəmiz gənclərə faydadan çox ziyan verə biləcək növlərin ölkəmizdə inkişafının qarşısını almaqdır. Misal üçün skeytbordinq növü videoçarxlar zamanı çox cəlbedici görünə bilər. Amma onun tərənnümü gənclərə zədə, ifrat müasirlik və kənar şəxslərə narahatlıqdan başqa bir şey verə bilməz. Bu baxımdan Gənclər və İdman Nazirliyi qarşıdakı planlarında bunlara diqqətli olmalıdır.

24173907 1155569981240960 5770595804000096496 o - Futbolinfo.az

Azərbaycan xalqının kifayət qədər sevdiyi və millətimizə yaraşan idman növləri mövcuddur. İnkişaf istiqamətini məhz onların üzərində qurmalıyıq. Bu Olimpiadada qazanılan medallar da ondan xəbər verir. Ənənəvi idman növlərinə daha çox diqqət yetirməlidir. Bunlardan başqa həqiqətən böyük reytinqə malik növlərin inkişafına çalışılmalıdır. Xüsusilə də üzgüçülük növünün inkişafı mütləqdir. Ölkəmizdə bu idman növünün kütləviliyinin hansı səviyyədə olduğunu hər kəs bilir. Sadəcə, bundan düzgün istifadə etmək lazımdır. Düzgün siyasət qarşıdakı Olimpiadalarda böyük uğurlar gətirə bilər.

Misal üçün uzağa getməyə də ehtiyac yoxdur. Avstraliya bu oyunlarda ən çox medalını üzgüçülükdən qazandı. Halbuki ölkədə bu idman növünün gücləndirilməsinə Sidney Olimpiadasından əvvəl başlanıb.

Yazıya əlavə olaraq ilk Olimpiya Oyunlarının proqramını nəzərinizə çatdırırıq:  Güləş, Velosiped, Atletika , Üzgüçülük, Bədii gimnastika, Atıcılıq, Tennis, Ağır atletika və Qılıncoynatma. Göründüyü kimi proqramda həqiqətən də əsl idman növləri olub.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: