İki klubumuz üçün Konfrans Liqasının pley-offuna yüksəlməyə unikal şans var. Dünənki ilk oyunlar göstərdi ki, həm “Zirə”, həm də “Sabah” rəqiblərini yenmək imkanına malikdirlər.
“Qartallar” favorit sayılan rəqibi ilə dueldən sərfəli nəticə ilə döndü. Ölkənin klub reytinqinə əlavə edilən xallar öz yerində, qəsəbə təmsilçisi oyunu ilə də ümid verdi. “Osiyek”lə Xorvatiyada başabaş oynayan təmsilçimizin evdə mərhələ keçmək şansı realdır.
Düzdür, səfərdə uduzmamaq hələ üstün olmaq demək deyil. “Şerif” üzərində səfər qələbəsini ümumi məğlubiyyətə çevirən də “Zirə”dir. Lakin yəqin ki, Avropa Liqasındakı həmin matçlar təmsilçimizə dərs olub. İnanmaq, oynamaq, daha aqressiv olacaq rəqibi ram etmək lazımdır. Necəsini isə Rəşad Sadıqov düşünməlidir.
Doğrusu, dünənki matçın ilk hissəsi ümid vermirdi. “Osiyek” meydanda daha yaxşı görünürdü və təmsilçimizn uduzmamaq üçün çalışdığı həm heyətdən, həm oyuna münasibətdən bəlli idi. Prinsipcə, “oynatmamağa” hesablanan taktika doğru idi vəSadıqov ani hücumlarla rəqibi cəzalandırmağı düşünmüşdü. Lakin Ceyhun Nuriyevin adi epzodda bəsit səhvi hesabın açılması ilə nəticələndi və baş məşqçi fasilədə ilk yarının uğursuzlarını əvəzlədi.
İlk baxışdan Sadıqovun dəyişiklikləri alqışalayiqdir. Üçlü əvəzləmə ilə oyunun ssenarisi dəyişdi, “Zirə” dominant futbol oynamağa başladı. Bu səbəbdən Rəşad bəy ən xoş sözlərə layiqdir. Məhz ikinci hissədəki oyun qalib gəlmək istəyən komandaya yaraşan futbol idi. Komandamız təzyiqi artırdı, yekunda layiq olduğu qolu vurdu.
Lakin istər-istəməz bu futbolçuların niyə start heyətdə olmaması barədə sual yaranır. Xüsusilə Rafael Utziq və Pyer Zeblinin matça startda başlamaması səhv idi. Onların ansamblı necə bütövləşdirdiyini zaman göstərdi. Sadıqov güman ki, ikinci hissədə oyunu gücləndirmək üçün ehtiyatda gizli silahlar saxlamışdı. Bəlkə də məşqçi fərqli taktika düşünmüşdü, sadəcə, ifaçılar ilk yarıda onun istədiyini reallaşdıra bilmədi. Həm yanlışı edən, həm də onu düzəldən Sadıqovdur, yetirmələrni də o, daha yaxşı tanıyır. Fakt isə budur ki, məhz heyət daha optimal olduqdan, legionerlər rol aldıqdan sonra “Zirə”nin futbolu düzəldi. İlk yarıdakı oyun darmadağını qaçılmaz edirdi.
İş bitməyib, xorvatlar Bakıda daha aqressiv olacaq. “Zirə” rəhbərliyi oyunun təşkil ilə bağlı müəyyən işlər görməli, tribunaları doldurmaq üçün nələrsə etməlidir. “Osiyek”i məhz azarkeşlərlə birlik sayəsində daha rahat sıradan çıxarmaq olar. Xorvatiya klubu zəif deyil, amma “Zirə”nin dişinə görə rəqibdir.
“Sabah”ın işi daha asan olmalı idi. Hayfa “Makkabi”sini sıradan çıxaran komanda “Sent Patriks”i darmadağın etməliydi. Amma dünənki oyun israillilərlə cavab matçından başlayan enişin davam etdiyini göstərdi. “Bayquşlar” yubanmadan özünə yeni baş məşqçi tapmalıdır. Krunoslav Renduliçin bacarığının ən yüksək həddini məhz irlandlarla matç göstərdi.
“Sent Patriks” Misli Premyer Liqasında autsayder olacaq komandadır. Çoxdandır klublarımız bu qədər zəif rəqib görmürdü. Amma “Sabah” bu komandaya uduzmağı bacardı. Bəxt gətirməsəydi, fərq daha böyük ola bilərdi.
Futbolçular iki həftə ərzində bu qədər dəyişə bilməz, dəyişən klubdaxili münasibətlərdir. “Sabah”da nə baş verdiyini bilmirik, amma xorvat mütəxəssisin kollektivi idarə edə bilmədiyi aşkar görünür. Sanki komanda kökdən düşüb. 0:1 faciəvi nəticə deyil, komanda toparlansa, Bakıda revanşı artıqlaması ilə alacaq. Amma “Sabah” toparlana biləcəkmi? Əsas sual budur!
Renduliçə ümid etməyə dəyməz, Masazırda mərhələ keçmək problemini azarkeşlər həll etməlidir. Dolu tribunalar futbolçuları məşqçidən daha yaxşı motivasya edəcək. Necə olursa-olsun bu rəqibi əldən buraxmaq, pley-off şansını qaçırmaq olmaz. Klub rəhbərliyi vəziyyətə müdaxilə etməli, məşqçi axtarışına da indidən başlamalıdır.
İki gün sonra “Sabah”la “Zirə” Masazırda üz-üzə gələcək. İndiki məqamda həmin matçın nətcəsi heç bir tərəfə önəmli olmamalıdır. Əsas məsələ gələn həftə Konfrans Liqasının cavab matçlarına hazırlıqdır. Heç bir təmsilçimizin şansı əldən verməyə haqqı yoxdur.
FƏRİD