Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları turnirdəki təmsilçilərimizlə bağlı fərqli mənzərə ortaya çıxartdı. “Zirə”nin oyununda favorit “Osiyek” hesab edilsə də, “qartallar” Xorvatiyadan sərfəli nəticə ilə qayıtmağı bacardılar. İrlandiyanın “Sent Patriks” klubunun qonağı olan “Sabah” isə gözləntiləri doğrultmadı. Cütün favoriti hesab edilən “bayquşlar”ın Bakıya qələbə ilə qayıdacağı ehtimal olunsa da, “Sabah” yenə hər kəsi təəccübləndirməyi bacardı.
Xorvatiya mətbuatı, bu ölkənin futbol ictimaiyyəti “Osiyek”in “Zirə”dən güclü olduğunu və evdə rəqibinə rahat şəkildə qalib gələcəyini proqnozlaşdırırdı. Ancaq Rəşad Sadıqovun komandası ağır sınaqdan üzüağ çıxmağı bacardı.
“Zirə”nin start heyətində bəzi dəyişikliklər var idi və ən təəccüblüsü Rafael Utziqin “11-lik”də yer almaması idi. Görünür, Sadıqov əsas “silah”dan ikinci hissədə, rəqib yorulandan sonra faydalanmaq istəyirdi. Daha çox veteran məşqçilərin istifadə etdiyi bu metod müasir futbolda çox da tətbiq olunmur. Çünki riskli addımdır. Düzdür, Sadıqov müəyyən mənada məqsədinə çatdı, ikinci hissədə məhz Utziqin meydana daxil olmasından sonra “Zirə” üstünlüyü ələ keçirdi. Əsas vaxta əlavə olunmuş sonuncu dəqiqədə isə Rafael topu rəqib müdafiəçidən oğurlayaraq penalti qazandı və zərbəni özü dəqiq yerinə yetirərək komandasını məğlubiyyətdən xilas etdi. Belə baxanda Sadıqovun planı özünü doğruldub. Bəs doğrultmasaydı, necə olacaqdı?!
Hər komandanın heyətində 2-3 ən aparıcı futbolçu olur ki, onlar zədələnməyincə, cəzalı duruma düşməyincə ehtiyatda qalmırlar. “Zirə”də belə oyunçulardan biri məhz Utziqdir. Ön xətdə top saxlaması, pressinq tətbiq etməsi və qol vurmaq qabiliyyəti yüksək səviyyədədir. O, meydanda olanda “Zirə” daha sürətli, rəngarəng futbol oynayır. Meydanda olduğu təxminən 40 dəqiqə ərzində penalti qazanan, qol vuran hücumçu 90 dəqiqədə daha çox xeyir verə bilər.
Elə futbolçular var ki, ehtiyatdan meydana çıxanda daha faydalı olurlar. Türkiyə futbolunda Semih Şəntürk, özümüzdə Ülvi İsgəndərov nümunəsi var. Ancaq Utziq “növbətçi qolçu”, B planı olaraq düşünülən hücumçu sayıla bilməz. Allah eləməsin, ilk hissə “Zirə”nin daha böyükhesablı məğlubiyyəti ilə nəticələnsəydi, iş işdən keçəndən sonra Rafaelə gərək qalacaqdı?! Və ya dünən Utziq oyuna uğurlu qoşula bilməsəydi, necə olacaqdı?! Sadıqov bu cür həmlələrə davam etsə, Rafaeli küsdürəcək. Bu, bir dəfə işə yaraya bilər, amma tez-tez təkrarlansa, komandanın ziyanına işləyər.
“Osiyek”lə səfər matçının ən yaxşılarından biri, şübhəsiz ki, İssa Cibrila idi. “Qartallar” dünənki görüşdə məhz onun çıxış etdiyi sol cinahdan kəsərli hücumlar qururdular. Bir-birini yaxşı başa düşən Cibrila – Martins cütlüyü xorvatların müdafiə xəttini təzyiq altında saxlamağı bacarırdı.
“Zirə”nin ən zəif bəndi isə Ceyhun Nuriyev idi. Sadıqovun da, bizim də ondan gözləntilərimiz böyükdür. Çünki ağıllı futbolçudur, meydanı görmək, oyunu oxumaq qabiliyyəti yaxşıdır. Di gəl ki, stabil oyun sərgiləmir. Bir oyun əla təsir bağışlayan Ceyhun növbəti matçda gözə dəymir. “Osiyek”lə səfər görüşündə isə olduqca zəif təsir bağışladı. 38-ci dəqiqədə buraxılan qolda da kobud səhvi var idi. Adi epizodda topu itirməsi “Osiyek”in hesabı açması ilə nəticələndi. Haqlı olaraq da Rəşad Sadıqov ikinci hissənin əvvəlində onu əvəzlədi. Ceyhun əsas heyətdəki yerini itirməmək üçün bundan nəticə çıxartmalıdır. Stabil futbolçuya çevrilməli, yaxşı oyununu bütün mövsümə yaymalıdır.
Səfərdəki nəticə “Zirə”nin pley-offa adlamaq şansını artırır. Ancaq qəti şəkildə arxayınlaşmaq olmaz. “Osiyek”lə Bakıdakı qarşılaşma ilk oyundan qat-qat ağır keçəcək. Bu mücadilədən qalib ayrılmaq üçün ağıllı oyun göstərmək və sonadək döyüşmək lazımdır. “Zirə”nin bunu bacaracağına inanırıq.
Konfrans Liqasındakı digər iştirakçımız “Sabah” isə bizi məyus etdi. “Makkabi” səddini keçdikdən sonra “bayquşların”ın “Sent Patriks” önündə şansları yüksək dəyərləndirilirdi. Əksəriyyət bakılıların səfərdən qələbə ilə qayıdacağını düşünürdü. Əslində, oyun təmsilçimiz üçün pis başlamamışdı. İkinci dəqiqədə az qala hesabı açacaqdıq. Ancaq kornerdən sonra İrasabalın zərbəsi qapı tirinə tuş gəldi. 15-ci dəqiqədə isə Şafrankonun ötürməsindən sonra əlverişli mövqedə qərarlaşan Parrisin zərbəsi qapının üstündən keçdi. Bundan sonra oyunun ssenarisi dəyişdi və ev sahibləri üstünlüyü ələ aldılar.
Rəqibin ən güclü tərəfi standart vəziyyətlərdir. Dünənki oyun göstərdi ki, ya “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç irlandları təhlil edərkən bunu sezə bilməyib, ya da qarşısını kəsməyin yolunu tapmaqda aciz qalıb. Çünki “Sent Patriks” “ikinci mərtəbə”də komandamıza göz açmağa imkan vermirdi. Əksər hava mübarizələrindən meydan sahibləri qalib ayrılırdılar.
“Sabah”ın qapısı qarşısında yaşanan ardıcıl təhlükəli epizodlar hiss etdirirdi ki, təmsilçimiz çox tab gətirə bilməyəcək. Elə də oldu. 35-ci dəqiqədə Cek Malreninin hava ötürməsindən sonra Romal Palmer “Sabah”ın müdafiəçisi Sofian Çaklanı qabaqlayaraq topu tora qovuşdurdu. “Makkabi” ilə cavab oyunu, ardınca “Şamaxı” ilə çempionat matçı “bayquşlar”ın müdafiədə axsadığını üzə çıxartmışdı. Bunun davamı olaraq, “Sent Patriks” ilə görüş də “Sabah”ın zəif nöqtəsinin məhz müdafiə xətti olduğunu təsdiqlədi. Hər iki mərkəz müdafiəçisi – həm Çakla, həm də İrasabal ləngdir. İlk baxışdan Çaklanın ağırlığı nəzərə çarpmasa da, irlandların vurduğu qolda məhz o, rəqib futbolçunun önünü kəsməkdə gecikdi. Renduliç ən yaxşı halda, bu iki futbolçudan birini əsas heyətdə saxlamalı, digərini isə çevik müdafiəçi ilə əvəzləməlidir, təbii ki, belə bir oyunçusu varsa. Yoxdursa, bu, başqa problemin mövzusudur.
İlk hissəni məğlub durumda bitirən “Sabah” üçün ikinci hissə də yaxşı başlamadı. 53-cü dəqiqədə xorvatiyalı yarımmüdafiəçi İvan Lepinitsa ötürmə zamanı topu itirdi, ardınca səhvini düzəltmək istəyərkən cərimə meydançasına yaxın mövqedə qaydanı pozdu və ikinci sarı vərəqəni alaraq meydandan uzaqlaşdırıldı. Yaxşı ki, komandamız 10 nəfərlə qaldıqdan sonra hesab arasındakı fərqin artmasına imkan vermədi. Epizodların birində qapı tiri “Sabah”ın imdadına çatdı.
Keçən həftə “Sabah”a aid etdiyimiz “stabil komanda deyil” fikri bir daha təsdiqini tapdı. Qeyri-stabil oyunla çox qabağa gedə bilməzsən. “Sabah” Bakıdakı oyunu mütləq “birinci mərtəbə”də aparmalıdır. Bacardıqca topu “ikinci mərtəbə”dən uzaq tutmaq, kornerlərə və cərimə zərbələrinə maksimum dərəcədə imkan verməmək lazımdır. “Sabah”ın hücum xətti yaxşıdır. Mikels, Sekidika və Parrisin üzərinə böyük yük düşəcək. Onlar birəbir mübarizələrdə kəsərli ola bilsələr, “Sabah” cavab matçında istədiyi nəticəni əldə bilər.
AĞA