2008-2012-ci illərdə “Bakı” klubunun formasını geyinmiş xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliçin futbolinfo.az saytına müsahibəsi
– UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Xorvatiyada keçirilən “Osiyek” – “Zirə” oyununu (1:1) izlədinizmi?
– Bəli, matça baxdım. Çox maraqlı görüş alındı.
– Görüşün heç-heçə nəticələnəcəyini gözləyirdiniz? Hesab ədalətlidir?
– Açığı, “Zirə”nin səfərdə işinin çətin olacağını düşünürdüm. Çünki bu oyunadək “Osiyek”i favorit sayırdım. Ancaq fikirləşdiyim kimi olmadı. “Zirə” Xorvatiyadan yaxşı nəticə ilə qayıtdı. Hazırda təmsilçinizin növbəti mərhələyə adlamaq üçün əla imkanı var.
– “Zirə”nin heyətində ən çox hansı futbolçuları bəyəndiniz?
– Açığı, ilk hissədə “Zirə”nin çıxışını bəyənmədim. Qonaqların fasiləyədək yaxşı oynamadığını düşünürəm. Amma ikinci hissədə matçın gedişatı dəyişdi və “Zirə” üstünlüyü ələ keçirdi. Konkret kimisə fərqləndirmək istəmirəm. Çünki “Zirə” ümumilikdə yaxşı balanslaşdırılmış komandadır. Əsl kollektiv oyunu nümayiş etdirirlər.
– Siz “Bakı”nın formasını geyinəndə “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov “Qarabağ”da oynayırdı. Onu yaxşı məşqçi hesab edirsiniz?
– Əvvəla onu deyim ki, Rəşad çox yaxşı futbolçu idi. Mən Azərbaycanda çıxış etdiyim dövrdə o, ölkəsinin ən güclü oyunçularından biri idi. Sadıqovu məşqçi kimi də bəyənirəm. İrəlidə onu uzun məşqçilik karyerası gözləyir.
– Bir həftə sonra “Zirə” və “Osiyek” arasında Bakıda cavab matçı keçiriləcək. Şansları necə dəyərləndirirsiniz? İndiki durumda kimin mərhələ adlamaq şansı daha çoxdur?
– Bayaq dediyim kimi, “Zirə” Xorvatiyadan sərfəli nəticə ilə qayıtdı. İndiki vəziyyətdə “Zirə”nin aqibəti özündən asılıdır. Mərhələni keçmək üçün yaxşı fürsət əldə ediblər. “Osiyek”in ən güclü futbolçusu Ramon Mierez idi, o da komandanı tərk edib. Fikrimcə, indiki məqamda “Zirə”nin mərhələ adlamaq şansı daha çoxdur.
ABBAS