Riçard Almeydanın mövsümə uğurlu başlaması sönməyə hazırlaşan neft lampasının sonuncu dəfə alışmasına bənzəyir. Milliləşdirilmiş braziliyalı artıq karyerasının qürub çağındadır və onunla bağlanan yeni müqavilə xidmətlərinn mükafatı idi.

Sözsüz ki, Almeyda bir də “Qarabağ”ın lideri, əsas heyət üzvü olmayacaq. Yaşı buna imkan verməz. Amma Azərbaycan çempionatı hələ də onun üçün gəzinti məkanıdır. Riçard “Araz-Naxçıvan”, “Kəpəz” kimi rəqiblərlə matçlarda pleymeyker kimi oynayıb rahatca qollar vurur.

“Qarabağ” Misli Premyer Liqasının 2-ci turunu da darmadağınla keçdi. İlk turda 4:1-ə sevinən ağdamlılar, gəncəliləri 3 qolla yola saldı. Qurban Qurbanovun avrokubok matçlarına görə bütünlüklə ikinci heyətə güvəndiyi matçda hesabı Almeyda açdı, davamını sonradan meydan çıxan əsas heyət üzvləri gətirdi. Lakin hətta bu heyət də ilk hissədə qonaqların qapısı önündə bir neçə matça bəs edəcək qədər təhlükəli vəziyyət yaratmağa kifayət etdi.

Bu qarşılaşma nə “Qarabağ”ın, nə də “Kəpəz”in gücünə qiymət vermək imkanı yaratmadı. Hər iki komandanın əsl imkanları özlərinə bərabər olan rəqiblərlə qarşılaşmalarda bilinəcək. Hazırda ağdamlılar rəqibsiz kimi görünür, gəncəlilərin isə güclənməyə ehtiyacı var. Xüsusilə heyəti bütünlüklə yenilənən “Kəpəz”ə öz oyununu tapması üçün zaman lazımdır.

“Kəpəz” hazırda yaxşı vaxtları çoxdan geridə qalan Almeyda ilə bacarmır. Komandanın futbolçuları 3-4 ardıcıl ötürmə verə bilmir. Adil Şükürov döyüşkən komanda formalaşdırana kimi bir dövrə bitəcək, gəncəlilər mövsümün qalan hissəsini zirzəmidən qurtulmağa həsr edəcək. Bu dəfə alınmaya da bilər. O zaman Gəncədə inşa olunan yeni stadion Premyer Liqaya həsrət qalacaq. Bütün bunları indidən düşünmək, yeni arenaya layiq komandanı elə bu gündən formalaşdırmaq lazımdır.

FƏRİD

Shares: