“Səbail”lə yollarını ayıran Səlahət Ağayev yeni klubunu seçib. Artıq bəlli olduğu kmi, təcrübəli qapıçı növbəti mövsümü “Qəbələ”də keçirəcək.
Səlahət I Liqada oynamağa razılıq verməsinin səbəbini futbolinfo.az saytına açıqlamasında deyib: “Daha əvvəl də “Qəbələ”də oynadığım üçün rəhbərliklə münasibətim əladır. Kapitan Asif Məmmədov və baş məşqçi Kaxaber Sxadadze ilə münasibətim yaxşıdır. Sxadadze hələ gənc yaşlarımda “İnter”də oynayarkən məşqçimiz idi və mənə çox inanırdı. Mənə təklif göndərdi və müsbət yanaşdım. “Qırmızı-qaralar”ı seçməyimdə baş məşqçi və kapitan ilə dostluq münasibətim əsas rol oynadı”.
Qeyd edək ki, 33 yaşlı qolkiper 2022/23 mövsümündə də “Qəbələ”nin formasını geyinib. Onun bu yay “Neftçi”yə keçidi gündəmdə idi. Lakin o, yekunda I Liqa klubunu seçdi.
GÜNAY SÜLEYMANOVA