Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda klubsuz olan Amil Yunanovun futbolinfo.az saytına müsahibəsi
– “Səbail” ilə müqaviləniz bitdiyi üçün klubla əməkdaşlığınız sona çatdı. Bəs, ötən mövsümü icarə əsasında keçirdiyiniz “Kəpəz”də qalmaq variantı niyə alınmadı?
– Belə alındı. “Kəpəz”lə razılığa gələ bilmədik. Buna görə də Gəncə klubundan ayrılmalı oldum.
– Hazırda klubsuz qalmağınızın səbəbini nədə görürsünüz? Bunun ötən mövsümkü çıxışınızla bir əlaqəsi varmı?
– Xeyr. Klubsuz qalmağımın başqa səbəbləri var. Detallı danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, mən klubsuz qalmağa layiq futbolçu deyiləm.
– Hazırda hər hansı bir klubla danışıq aparırsınız?
– Xeyr. Real danışıq apardığım klub yoxdur.
– Yay “transfer pəncərəsi”nin bağlanmasına az qalıb. Narahat deyilsiniz ki, birdən klub tapa bilməzsiniz və ən azı qışadək gözləmək məcburiyyətində qalarsınız?
– Nə olacaqsa, olacaq. Xeyir Allahdandır. İnanıram ki, hər şey mənim üçün yaxşı olacaq. İndiki vəziyyətdə səbirli davranmağa çalışıram.
– Premyer Liqa klublarına keçidiniz alınmasa, hansı addımı atacaqsınız? Birinci liqada oynamağa razı olarsınız?
– Aşağı liqadan 1-2 təklif oldu, özüm istəmədim. Birinci liqanı fikirləşmirəm. Ümidim var ki, Premyer Liqadan təklif gələcək. Özümü aşağı liqaya layiq bilmirəm. Çünki Premyer Liqada 200-dən çox oyun keçirmişəm, 60-dan çox qol vurmuşam. Bundan sonra uzun illər futbol oynamağa gücüm də var, təcrübəm də. Hazırda gözləmə mövqeyi tutmuşam. Görək necə olacaq? İnanıram ki, hər şey mənim üçün yaxşı nəticələnəcək. Hər gün fərdi məşqlərimi edirəm. Formada qalmağa, hazır olmağa çalışıram.
ABBAS