Bu gün Yay Olimpiya Oyunlarında güləş yarışlarının son iştirakçıları mübarizəyə qoşulacaq.

Azərbaycan millisinin iki sərbəst güləşçisi ilk qarşılaşmasına çıxacaq. Hacı Əliyevlə Maqomedxan Maqomedov medal görüşlərinə vəsiqə üçün mübarizə aparacaqlar.

Hacı Əliyev yarışa 1/8 finaldan başlayacaq. Olimpiadaların gümüş və bürünc mükafatçısının ilk rəqibi Meksika təmsilçisi Ostin Qomes olacaq. Maqomedxan Maqomedov da 1/4 finala vəsiqə üçün mübarizə aparacaq. O, Dominikan Respublikası təmsilçisi Luis Migel Pereslə görüşəcək.

Sərbəst güləş millimiz Paris-2024-ə altı güləşçi ilə yollanıb. Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86 kq) yarışı medalsız başa vurub, Giorgi Meşvildişvili (125 kq) 3-cü yer uğrunda görüşə çıxacaq.

Bu gün həmçinin Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində bacarığını göstərəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçulardan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan Paris Olimpiadasında medal sıralamasında 24-cü pillədə qərarlaşıb. Ukrayna (3 qızıl, 4 gümüş, 4 bürünc) 18-ci, İran (2 qızıl, 4 gümüş, 2 bürünc) 23-cü, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 42-ci, qardaş ölkə Türkiyə (3 gümüş, 3 bürünc) 61-ci, Ermənistan (2 gümüş, 1 bürünc) 66-cı sıradadır. İlk “üçlük”də ABŞ (33 qızıl, 39 gümüş, 39 bürünc), Çin (33 qızıl, 27 gümüş, 23 bürünc) və Avstraliya (18 qızıl, 16 gümüş və 14 bürünc) yer alıblar.

Hələlik 86 ölkə mükafat əldə edə bilib.

Shares: