“Oyuna pis başlamadıq. Hələ mövsümün əvvəlidir. Bu, hiss olunur. “Kəpəz” barədə də eyni sözləri demək olar. Görünür ki, onlar da tam hazır deyillər. Ümumilikdə bizim üçün yaxşı oyun alındı. Qol şanslarımız var idi. Daha da çox fərqlənə bilərdik”. Bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Misli Premyer Liqasının 2-ci turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O,ilk hissədə rəqib qapısına yol tapa bilməmələrinin səbəbini belə izah edib: “Kəpəz” yaxşı müdafiə olunurdu. Yaxşı təşkilatlanmış komandadırlar. Birinci hissədə fərqlənmək üçün qol imkanlarımız var idi. Onlardan istifadə edə bilmədik. Fasilədən sonra oyunumuzu yaxşılaşdırıb lazımi qolları vurduq”.

Hüseynov Bolqarıstana uğur qazanmaq üçün gedəcəklərini deyib: “Komandada əhval-ruhiyyə yaxşıdır. Səfərə iddialı yollanacağıq. Çünki ilk görüşdə oyun baxımından “Ludoqorets”ə heç nədə uduzmamışdıq. Müəyyən çatışmazlıqları düzəltsək, hər şey yaxşı olacaq. Daha soyuqqanlı olmaq lazımdır. Eləcə də səfərdə Bakıdakından da yaxşı oynamalıyıq”.

Shares: