Misli Premyer Liqasında 2-ci tura Konfrans Liqasında mübarizə aparan 2 komandamızın 2 qolluq oyunu ilə yekun vuruldu. Nəticə heç də hər 2 tərəfi qane etmədi – biri ardıcıl 2-ci qələbəsini qazandı, digəri ardıcıl 2-ci ev oyununda xal itirdi.

“Sabah”la “Zirə” qarşılaşmaya eyni vəziyyətdə çıxmışdı. Avrokubokda səfər oyunundan dönən rəqiblərin istirahət üçün də eyni vaxtı olmuşdu. Amma oyunçu ehtiyatı və büdcə baxımından üstün olan Masazır təmsilçisi evdə oynadığından bir addım öndə görünürdü. “Zirə” ağıllı oyunla bu fərqi aradan qaldırıb qələbə qazandı.

“Sabah”da nələr baş verdiyini bilmirik, amma klubda işlər qaydasında getmir. Həmin səbəbi tapmaq rəhbərliyin işidir. O dəqiqdir ki, problem kökündən həll olunmasa, həm avrokubokda daha bir mərhələ keçmək üçün ələ düşən gözəl fürsət qaçırılacaq, həm də yüksək yerlər uğrunda mübarizədə komanda startdan geri düşəcək. İndidən liderlərlə 5 xallıq fərq yaranıbsa, sonrası daha çətin olacaq.

Oyun maraqlı mübarizəyə meydan olsa da, “Zirə” istədiyinə çox güc sərf etmədən nail oldu. Baş məşqçi Rəşad Sadıqov həm ağıllı rotasiyalar edib futbolçularını qorudu, həm də hamıya oyun ritmində qalmağa şərait yaratdı. Vaxtında vurulan qollar bir yana, qonaqlar matça da nəzarət etdi. Krunoslav Renduliç ardıcıl 4-cü oyunda qələbəni təmin edə bilmədi, “Şamaxı”yla ev heç-heçəsi və Masazırda daha 2 məğlubiyyət problemin kiçik olmadığını göstərir.

Bu komandalar ötənmövsümkü qrafiki təkrarlayır. O zaman da “bayquşlar” bərbad startla yadda qalmışdı, sonradan toparlanaraq Konfrans Liqasına yollandılar. “Zirə” isə yenə zirvəyə şərikdir, hətta düzgün heyət seçiminə görə indi daha inamlı görünürlər. Tempi saxlaya bilsələr, qəfil düşüş olmasa, Sadıqovun komandasını daimi iddialılar cərgəsinə sala biləcəyik.

Qərb bölgəsində daha bir iddialı özünü göstərməkdədir. “Turan Tovuz”un hazırkı heyətinin uzun marafonda nə qədər dözəcəyini bilmirik, amma məşqçi işi ortadadır. Kurban Berdıyev öz oyun dəst-xəttini futbolçulara aşılaya bilib. Əlindəki “material”ı sisteminin detalları olaraq istifadə edən təcrübəli mütəxəssis, “Sumqayıt”la oyunda A və B planını ortaya qoyub rəqibə dərs keçdi. Matçın əvvəlində onun təklif etdiyi tempə uyğunlaşmayan qonaqlar xeyli əziyyət çəkdi. Hesab açıldıqdan sonra isə Berdıyev müdafə olunmaq bacarığını göstərdi.

“Kimyaçılar”ın fasilədən sonrakı ərazi üstünlüyü heç də Samir Abasovun etdiyi dəyişikliklərin nəticəsi deyildi. Sadəcə, Azərbaycanda ilk qələbəni hədəfləyən Berdıyev hesabın verdiyi üstünlükdən əla yararlandı, rəqibə təhlükəli epizod yaratmağa belə imkan vermədi.

2 turdan sonra qapısında qol görməyən yeganə komanda məhz “Turan Tovuz”dur. Berdıyevin hazırkı heyətlə bunu nəvaxtadək bacaracağını birlikdə görəcəyik. “Neftçi”ylə “Sabah”ın yuxudan ayıla bilmədiyi bir vaxtda hesaba yazılan hər xal gələcəkdə daha qiymətli olacaq.

ABBAS

Shares: