İrlandiyanın “Sent Patriks” klubunun futbolçusu Co Redmond Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Futbolinfo.az saytı xəbər verir ki, 24 yaşlı müdafiəçi ilk növbədə sıx təqvimdə çıxış etmələrinə münasibət bildirib. O, 15 gün ərzində 5 oyun keçirmələrindən şikayətlənməyib.
Redmondun fikrincə, bu amil komandanın daha yaxşı çıxış etməsinə yol açır: “Sıx qrafikdə çıxış etməyimiz yorucu olsa da, komandaya böyük əhvali-ruhiyyə gətirə bilər. Bir-birimizlə daha çox gün keçiririk, istirahət günlərimiz az olur. Bu, mövsümöncəsi düşərgəyə bənzəyir. İki həftəni əla keçirdik, amma dincəlmək fikrində deyilik. Əvvəlcə çempionatda vacib oyunumuz olacaq. Ardından Bakıya uzun səyahət edəcəyik. İnanırıq ki, “Sabah”la cavab görüşündə işimizi layiqincə görəcəyik. Hamımız Konfrans Liqasında mərhələ adlamağa köklənmişik. Bunu bacarsaq, klub əlavə maliyyə qazancı əldə edəcək. İlk oyunda göstərdik ki, “Sabah”la rəqabət apara bilərik. Təbii ki, bunun çox çətin olacağını bilirik”.
Qeyd edək ki, Dublində keçirilən ilk oyunda “Sabah” “Sent Patriks”ə 0:1 hesabı ilə məğlub olub. Cavab matçı avqustun 15-də Bakıda reallaşacaq.