Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçirilən oyunda zədələnən “Ludoqorets”in futbolçusu Bernard Tekpetey əməliyyat olunub.
Futbolinfo.az saytı xəbər verir ki, Kevin Medinanın müdaxiləsindən sonra ayağı iki yerdən sınan 26 yaşlı hücumçu Vyanada cərrahi müdaxiləyə ehtiyac duyub.
Qana millisinin sabiq üzvü bir həftə Avstriyada qaldıqdan sonra Bolqarıstana qayıdacaq. “Qarabağ”la cavab qarşılaşmasını buraxacağı dəqiq olan Tekpeteyin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Bakıda keçirilən qarşılaşmada “Ludoqorets” “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 13-də Razqradda olacaq.