33-cü Yay Olimpiya Oyunları tarixə qovuşdu. Onun hansı səviyyədə təşkil edildiyi və keçdiyi haqqında kifayət qədər yazılıb. Bu yazıda biz Olimpiadaya Azərbaycan idmançılarının çıxışları konteksindən yanaşacağıq.
Parisdə komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı. Ümumilikdə bu, elə də pis nəticə deyil. Belə ki, Azərbaycan müstəqillik tarixi ərzində yalnız iki dəfə – 2000-ci il Sidney və 2012-ci il London Olimpiadasında iki qızıl medal qazanıb. Avstraliyada qızıllardan başqa 1 bürünc, Böyük Britaniyada isə 2 gümüş və 5 bürünc olmuşdu. Yəni Beynəlxalq Olimpiya Komitəsinin kriterilərinə uyğun hesablayanda, bu Olimpiada uğuruna görə tariximizdə 2-cidir. Onu da qeyd etməliyik ki, bundan əvvəlki oyunlarda komandamız ümumiyyətlə qızıl medal qazanmamışdı.
Bütün bu statistik göstəricilər idmanımızın inkişafda və səviyyə baxımından normal ölçüdə olduğu anlamına gəlməlidir. Lakin məsələyə fərqli tərəflərdən yanaşdıqda vəziyyətin elə də ürəkaçan olmadığını görürük.
Əvvəla, medal qazanan 7 idmançıdan 5-nin legioner olduğunu yaddan çıxarmayaq. Öz yetirmələrimz arasından yalnız Hidayət Heydərov və Həsrət Cəfərov medal qazanıb. Qalan 5 nəfərin hamısı milliləşdirilmiş idmançılardır. Əlbəttə ki, buna qarşı çıxanlar digər ölkələrin heyətində də legionerlərin olduğunu söyləyəcəklər. Amma legionerlərin cəlb edilməsində əsas məqsədin nə olduğunu bir daha yada salmaq lazımdır. Adətən öz ölkələrində həmin növdə idmançı olmadıqda əcnəbilər milliləşdirilirlər. Başqa hallarda legioner yerli idmançıların qarşısında maneə olur. Legionerin başqa bir funksiyası da yerli idmançıların yetişməsində xidmətdir. Legioner yerli idmançılardan bir baş üstün olmalıdır.
Gəlin legionerlərin hansı ölkələrin heyətində və hansı idman növlərində olduqlarına nəzər yetirək. Misal üçün atletikaya nəzər salaq. Burada legionerlərin əksəriyyəti stayerlərdir. Uzaq məsafəyə qaçan atletlər Afrika ölkərinin vətəndaşlığından imtina edib Avropa və yaxud da Yaxın Şərq ölkələrinin heyətində çıxış edirlər. Stolüstü tennisdə də oxşar vəziyyət var. Çinliləri demək olar ki, bütün digər ölkələrin heyətlərində görmək mümkündür. Eyni sözləri badminton yarışları üçün də söyləyə bilərik. Boksda isə Kuba məktəbi güclüdür. Oranın idmançılarını digər komandaların heyətlərində görmək olur. Onlardan biri də Alfonso Domingesdir.
İki Olimpiadada boksda üzümüzü ağardan idmançı haqqında nəsə xoşagəlməz sözlər söyləməyə adamın dili gəlmir. Amma məlum məsələdir ki, hər bir legioner Azərbaycan yığmasının şərəfini ilk növbədə maddiyyata görə qoruyur. Bu, bütün dünyada belədir. Transfer olunub vətəndaşlıq alan idmançıların beynində olan əsas fikir maddi vəziyyəti yaxşılaşdırmaqdır.
Fərqli legionerlilik misalları da var. Marafonda qadınlarda Olimpiya çempionu olan Sifan Hassan uşaqlığından Niderlandda yaşayır. Onu milliləşdirilmiş idmançı adlandırmaq da mümkün deyil. Və yaxud Fransa millisinin heyətində çıxış edən futbolçular. Onlar Fransada artıq legioner deyillər, neçənci nəsil mühacir övladlarıdırlar.
Bu baxımdan bizim hansı idman növünə legioner cəlb etmək siyasətimiz bir qədər düzgün deyil. Azərbaycanda güləşin, boksun, cüdonun hansı ənənələrə malik olduğunu hər kəs bilir. Onlar demək olar ki, bizim milli idman növümüzə çevrilib. Güləşdə əcnəbilərin milliləşdirilməsi idmançı qıtlığlından xəbər verir. Əgər belə deyilsə, o zaman öz güləşçilərimizin inkişafına nail olmaq lazımdır. Bunun üçün həm potensial, həm baza, həm də kifayət qədər istedad var. Güləşdə Azərbaycanın legioner cəlb etməsi , müəyyən mənada futbol üzrə Braziliya yığmasının xarici futbolçunu milliləşdirməsinə bənzəyir.
Azərbaycan idmanını belə vəziyyətə salan əsas səbəblərdən biri dərhal, yerində nəticə qazanmaq istəyidir. Hər kəs özünü göstərmək naminə nəticəyə gedir. İdman isə belə şeyləri sevmir. 10 il düzgün və məqsədli çalışdıqda ciddi uğurlar qazanmaq mümkündür. Bunun üçün Özbəkistanı misal çəkməliyik. Qardaş ölkə Olimpiadada ümumi sıralamada 13-cü oldu. 8 qızıl medalın 5-i boksda əldə eilib. Özü də qazanılan bütün qızıl medalların sahibləri özbəklərdir. Bu, ölkədə idmanın düzgün siyasətlə idarə edildiyindən xəbər verir.
Məlumdur ki, son vaxtlar ölkəmizlə Özbəkistan arasında münasibətlər ən yüksək səviyyəyə qalxıb. Ölkə rezidentimiz cənab İlham Əliyevlə Özbəkistan prezidenti Şövkət Mirziyev arasındakı münasibətlər ən yaxın dostlar arasındakı münasibət kimidir. Buna görə də hökumət qurumları müəyyən sahələrdə Özbəkistandan öyrənməyi özlərinə borc bilməlidir. Xüsusilə də Gənclər və İdman Nazirliyi, axsamaqda olan federasiyalar Özbəkistan nümunəsindən örnək almalıdır. Dost ölkədən öyrənmək qəbahət deyil. Əsas odur ki, qarşıdakı illərdə dayanıqlı nəticələr olsun. Ən başlıcası isə ani uğurları gözə soxmaq sindromunadan qurtulmalıyıq. Belə olduqda idmanımızın inkişafı süni olmayacaq, legionerləri yalnız qeyri-ənənəvi idman növlərində görəcəyəyik.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu