Misli Premyer Liqasının II turu ev sahibləri üçün düşərli oldu. 5 oyundan 3-də meydan sahibləri qələbəni bayram etdilər, bir görüşdə heç-heçə qeydə alındı, yalnız “Sabah” doğma divarlar arasında xal qazana bilmədi.

“Kəpəz”in inamlı qapıçıları olsa da…

Turun açılış matçında “Kəpəz”i qəbul edən “Qarabağ” oyuna ehtiyat qüvvə ilə çıxmışdı. Baş məşqçi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”lə səfərdə keçiriləcək cavab matçını nəzərə alaraq, yenə çempionat görüşündə ikinci heyətə şans vermişdi. Ən diqqətçəkən məqam qapıda gənc Sadiq Məmmədzadənin yer alması idi. Əsas qolkiper Fabian Buntiçə avrokubok oyunu ilə əlaqədar, istirahət verilmişdi. İkinci qapıçı Şahrudin Məhəmmədəliyev isə hazırda zədədən əziyyət çəkir. Bu səbəbdən qapını qorumaq Sadiqə həvalə olunmuşdu.

Gözlənildiyi kimi, qarşılaşma “Qarabağ”ın böyükhesablı (3:0) qələbəsi ilə nəticələndi. Ancaq meydan sahibləri “Kəpəz”in qapısına yol tapmaq üçün ikinci hissəni gözləmək məcburiyyətində qaldılar. Gəncəlilərin qolkiperi Rojerio Santos meydanda olduğu 24 dəqiqə ərzində bir neçə epizodda komandasını real qoldan xilas etdi. Lakin ilk hissənin ortasında çiynindən aldığı zədə oyunu yarımçıq dayandırmasına səbəb oldu. Santosun əvəzinə meydana daxil olan gənc Məmməd Hüseynov da yaxşı təsir bağışladı. Düzdür, “Qarabağ” hər 3 qolu məhz o, qapıya keçdikdən sonra vurdu. Ancaq Məmmədin xeyli sayda qurtarışları olmasaydı, görüş daha böyük hesabla nəticələnərdi.

Riçard Almeydanın vurduğu ilk qolda top “Kəpəz”in müdafiəçisinə dəydikdən sonra istiqamətini dəyişdiyindən, onu çıxartmaq Məmməd üçün mümkün olmadı. Oyuna ikinci hissədə qoşulan Zubir və Juninyonun yaxın məsafədən vurduğu qollara görə də Hüseynovu yox, müdafiə xəttini günahlandırmaq lazımdır.

“Qarabağ”ın hücumçusu Redon Cica bu matçda əlinə düşən saysız-hesabsız qol imkanlarından yararlana bilmədi. O, əvvəlcə Rojerio Santos, ardınca isə Məmməd Hüseynov səddini keçməkdə aciz qaldı. Növbəti turlarda da qol imkanlarını qaçırsa, çempionat matçlarında da əsas heyətə düşə bilməyəcək. Cica inamsızlıq yerinə soyuqqanlılıq nümayiş etdirməli, əlinə düşən fürsətləri dəyərləndirməlidir.

“Araz-Naxçıvan”ın ilk qalibiyyəti

İlk turda böyükhesablı məğlubiyyətlə üzləşən “Araz-Naxçıvan” cari mövsümdə ilk qələbəsini “Şamaxı” üzərində qazanmaq istəyirdi. Elmar Baxşıyevin komandası bunu bacardı. Əslində, Naxçıvan təmsilçisi qələbə qolunu 60-cı dəqiqədən də tez vura bilərdi. Faktiki olaraq, ilk hissə “Araz-Naxçıvan”ın aşkar üstünlüyü şəraitində keçmişdi. Fasiləyədək meydan sahibləri bir neçə dəfə hesabı açmaya yaxın olsalar da, “Şamaxı”nın qapıçısı Rikardo Fernandes buna imkan vermədi.

Nəhayət, 1 saatın tamamında naxçıvanlılar istəklərinə çatdılar. Bundan 7 dəqiqə öncə isə “Şamaxı” real qol şansını əldən buraxdı. Belajdi Pusi əlverişli mövqedən fərqlənə bilsəydi, “Araz-Naxçıvan”ın futbolçularında psixoloji gərginlik yaranacaqdı. Ancaq Pusinin zərbəsini tutan moldovalı qolkiper Kristian Avraam qonaqların planını pozdu.

“Araz-Naxçıvan”ın cavab həmləsində isə mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadənin əla hava ötürməsindən sonra Ramon Maçado topu sinəsi ilə önünə atdı və dəqiq zərbə ilə “Şamaxı”nı məyus etdi. Sonrakı dəqiqələrdə hər iki komandanın qol epizodu olsa da, hesab dəyişmədi, oyun Naxçıvan təmsilçisinin minimalhesablı qələbəsi ilə nəticələndi.

Qələbəyə həsrət qalan “Neftçi”

İlk turda qələbə qazana bilməyən “Neftçi” mövsümün ikinci oyununda da azarkeşlərini məyus etdi. Heyəti xeyli zəifləmiş “Səbail” ilə səfər matçında “ağ-qaralar”ın rahat qalibiyyət əldə edəcəyi gözlənilirdi. Ancaq Roman Qriqorçuk və komandası bunun öhdəsindən gələ bilmədi.

24-cü dəqiqədə Emin Mahmudovun cərimə zərbəsindən ötürməsini Yuri Matias dəqiq baş zərbəsi ilə qola çevirəndə “Neftçi”nin bu görüşdə çətinlik çəkməyəcəyi ehtimal olundu. Bunun üçün yaxşı fürsət də var idi. Hesabı açdıqdan 2 dəqiqə sonra “Neftçi” ikinci qolu vurmağa çox yaxın oldu. Ancaq Qriqorçukun bəh-bəhlə komandaya gətirdiyi Andrey Ştoqrin yaxın məsafədən topu qapıdan keçirməyi bacarmadı.

İkinci hissə “Neftçi” üçün yaxşı başlamadı. 48-ci dəqiqədəcə “Səbail” hesabı bərabərləşdirdi. Meydan sahiblərinin “Neftçi”yə cavabı eyni tərzdə oldu. Belə ki, məhz standart vəziyyətdən, daha dəqiq desək, kornerdən ötürülən topu Dmitro Litvin dəqiq baş zərbəsi ilə tora qovuşdurdu.

Qalan dəqiqələr “Səbail”in üstünlüyü şəraitində keçdi. Təsadüfi deyil ki, bərabərlik qolundan sonra “dənizçilər” bir neçə dəfə ikinci qolu vurmağa yaxın oldular. Ancaq “Neftçi”nin qapıçısı Rza Cəfərovun inamlı oyunu və “Səbail”in futbolçularının qeyri-dəqiqliyi hesabın dəyişməsinə imkan vermədi. Nəticədə komandalar meydanı hərəyə 1 xalla tərk etdilər.

Bu nəticəni “Səbail” üçün uğurlu saymaq olar. Çempionluq mübarizəsi aparmağı hədəfləyən “Neftçi” isə yenə baş qatmaqla məşğuldur. İlk turda “Turan Tovuz”, ikinci turda isə “Səbail”lə heç-heçəyə razılaşan “ağ-qaralar” üçün bu gedişlə daha güclü rəqiblərlə oyunlarda 1 xal da əlçatmaz olacaq.

1 qol, 3 xal

5 minə yaxın azarkeşin stadiondan izlədiyi “Turan Tovuz” – “Sumqayıt” matçı məşqçilərin taktiki savaşı ilə yadda qaldı. Meydan sahibləri ilk dəqiqələrdən rəqibə yüksək temp təklif etdilər. Ardıcıl hücumlar quran tovuzlular bir neçə dəfə hesabı açmaya yaxın oldular. Di gəl ki, “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun inamlı çıxışı buna imkan vermədi. Ancaq hiss olunurdu ki, “Turan Tovuz” bu gedişlə fasiləyədək hesabda önə keçəcək. Ev sahiblərinin ardıcıl hücumları, nəhayət, 34-cü dəqiqədə bəhrəsini verdi. Denis Marandiçi “Sumqayıt”ın futbolçusu Rövlan Muradovu cinahda asanlıqla keçdikdən sonra topu Xəyal Nəcəfova ötürdü. Xəyala yalnız topu boş qapıya göndərmək qalırdı, o da bunu etdi.

“Sumqayıt”ın ilk hissədə ən real qol vəziyyəti isə Rəhim Sadıxovun sayəsində oldu. O, meydan sahiblərinin bir neçə futbolçusunu ustalıqla aldatdıqdan sonra qapıya zərbə vursa da, İvan Konovalov əla seyvlə komandasını qoldan xilas etdi.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev fasilədən sonra taktikanı dəyişdi və komandasından əsas diqqəti müdafiəyə yönəltməyi, sürətli əks-hücumlara bel bağlamağı tələb etdi. Belə əks-hücumların birində Otto Con az qala hesab arasındakı fərqi artıracaqdı. Ancaq hücumçunun zərbəsində dəqiqlik çatışmadı.

Sumqayıt”ın ikinci hissədə məğlubiyyətdən xilas olmaq cəhdləri səmərəsiz qaldı. Beləliklə, “Turan Tovuz” doğma publika önündə vacib qələbə qazanaraq, xallarının sayını 4-ə çatdırdı.

“Zirə” və “Sabah”dan eyni başlanğıc

Tura Konfrans Liqasının iştirakçılarının dueli ilə yekun vuruldu. “Zirə”ni qəbul edən “Sabah” son oyunlardakı uğursuz çıxışını bu matçda da davam etdirdi.

Bərabər səviyyədə keçən ilk hissədə hesab açılmadı. Fasilədən sonra isə “Zirə” təzyiqi artırdı. Və çox keçmədi ki, qonaqlar hesabı açdılar. “Sabah”ın müdafiəçisi Amin Seydiyevin topa əllə toxunmasından sonra “Zirə” penalti vurmaq hüququ qazandı. Ağ nöqtəyə yaxınlaşan Rafael Utziq isə şansı qaçırmadı.

“Bayquşlar” özlərinə gəlməmiş ikinci dəfə mərkəzə dəvət olundular. Eldar Quliyevin əla ara ötürməsindən sonra Salifu Suma qapıçı ilə üzbəüz qaldı və dəqiq zərbə ilə topu tora qovuşdurdu.

Meydan sahibləri sonrakı dəqiqələrdə nə qədər çalışsalar da, hesabda dəyişiklik edə bilmədilər. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov düzgün əvəzetmələr edərək, Konfrans Liqasında “Osiyek”lə keçiriləcək cavab matçından əvvəl digər aparıcı oyunçulara da oyun ritminə düşmək imkanı yaratdı.

“Zirə” ötən mövsümdə olduğu kimi, yenə uğurlu start verib. İki turdan sonra xal itkisi ilə üzləşməyən iki komandadan biri məhz qəsədə klubudur. “Sabah”ın isə 2 turdan sonra aktivində cəmi 1 xal var. “Bayquşlar” da ötən mövsümdəki uğursuz startı təkrarlamaqla məşğuldurlar.

FƏRİD

Shares: