Bolqarıstanın “Ludoqorets” klubunun baş məşqçisi Georgi Dermendjiyev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıdakı ilk görüşdə 2:1 hesablı qələbə qazanmalarına baxmayaraq, hələ də arxayınlaşmır.
O, Azərbaycan çempionunun zəngin təcrübəyə malik olduğunu söyləyib: “Qarabağ” beynəlxalq arenada böyük təcrübəyə malikdir. Biz isə sabah zədəli Bernard Tekpeteysiz çıxış etməli olacağıq. Futbolçularım “Qarabağ”la ilk görüşdə heç nədən qorxmadıqlarını göstərdilər. Hər iki komanda üçün vacib qarşılaşma olacaq. Komandamız yaxşı formadadır. “Qarabağ” isə əsl Avropa komandasıdır. Onların baş məşqçiləri böyük mütəxəssisdir”.
Qeyd edək ki, sabah keçiriləcək “Ludoqorets” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.