Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ı qəbul edəcək “Ludoqorets” azarkeşlərinə xəbərdarlıq edib.

Futbolinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, klub azarkeşlərdən oyuna daha erkən saatlarda gəlmələrini xahiş edib. O da qeyd olunub ki, sərxoş vəziyyətdə, silahla, təhlükəli əşyalarla, pirotexniki vasitələrlə, alışqanlarla, butulkalarla, eləcə də ətir və dezodorant butulkalarla olan azarkeşlər arenaya buraxılmayacaqlar.

Həmçinin, qarşılaşma zamanı tribunadan irqçi şüarlar səsləndirmək, lazerlərdən istifadə etmək qadağan olunub. Bütün azarkeşlər girişlərdə bir-bir yoxlanılacaq və qadağan olunmuş əşyalar müsadirə olunacaq.

18 yaşına çatmamış şəxslərlə gələnlər isə qəyyumluq bəyannaməsi təqdim etməli olacaqlar.

Qeyd edək ki, bu gün Razqraddakı “Ludoqorets Arena”da keçiriləcək “Ludoqorets” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Bolqarıstan klubu 2:1 hesablı qələbə qazanıb.

Shares: