“Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimovun futbolinfo.az saytına müsahibəsi

  • “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün səfərdə “Ludoqorets”lə cavab matçına çıxacaq. Sizcə, komandamız Bolqarıstanda lazım olan nəticəni qazana biləcək?
  • Bolqarıstanda baş tutacaq oyunla bağlı pozitiv fikirdəyəm. Düşünürəm ki, komandamız səfərdə yaxşı nəticə əldə edə biləcək. Buna səbəb “Ludoqorets”in əsas təhlükəli oyunçularından birinin zədə almasıdır. Bundan əlavə, digər təhlükəli futbolçusu Kayo Vidal Bakıda qırmızı vərəqə aldı. Bu günlərdə mərkəz müdafiəçilərini satdılar. Bütün bunlar deməyə əsas verir ki, “Qarabağ” cavab matçında yaxşı nəticə əldə edə biləcək. Bakıdakı oyunu da nəzərə alsaq, komandamız çoxlu sayda qol imkanı yaratmışdı, sadəcə, epizodları reallaşdıra bilmirdik. Ümid edirəm ki, Bolqarıstanda eyni problemi yaşamayacağıq.
  • İlk oyun rəqibin baş məşqçisi Georgi Dermendjievin “Qarabağ”ı yaxşı təhlil etdiyini göstərdi. Cavab matçından öncə verdiyi açıqlamada artıq Ağdam klubunun futbolçularını daha yaxından tanıdığına işarə vurub. Bu, cavab görüşündə bizə problem yarada bilərmi?
  • Hər iki tərəf bir-birini analiz edib. Onlar Bakıda əks-hücumlar və standart vəziyyətlərə bel bağlamışdılar ki, ondan da istifadə etdilər. Amma Azərbaycan klubları da “Qarabağ”ı kifayət qədər yaxşı tanıyırlar, bütün üstün cəhətlərini əzbərləyiblər, bununla belə, yekunda yenə uduzan tərəf olurlar. Komandanı analiz etmək kifayət deyil. Birinci oyundan öncə də “Qarabağ”ı yaxşı təhlil etmişdilər. Ancaq komandamız kifayət qədər qol epizodu yarada bildi. Aydın məsələdir ki, “Ludoqorets” öz meydanında 1 qolluq fərqi saxlamağa çalışacaq. Lakin bunu bacarmaq onlar üçün çətin olacaq. “Qarabağ”ın sürətli cinah oyunçuları və Juninyo kimi hücumçusu var. Belə futbolçuların qarşısını almaq isə tək yaxşı təhlillə olmur, oyunçunun keyfiyyəti ilə baş verir.
  • “Zirə”nin Konfrans Liqasında növbəti mərhələyə adlamaq şansını necə dəyərləndirirsiniz? “Osiyek”lə səfərdəki heç-heçə indiki halda təmsilçimizi daha şanslı edirmi?
  • Şanslar 50/50-dir. Səfərdəki heç-heçə hələ heç nə demək deyil. “Osiyek” komanda şəklində ideal görünməsə də, oyunçularının fərdi ustalıq səviyyəsi kifayət qədər yuxarıdır. Bunu vurduqları qolla da göstərdilər, sürətli keçid etdilər. Düzdür, bu, oyunçumuzun fərdi səhvindən sonra baş verdi. Həmin fərdi səhvi qola çevirməyi bacardılar və ustalıq səviyyələri açıq-aşkar göründü. Bu səbəbdən “Zirə”nin cavab matçında daha şanslı olduğunu düşünmürəm. Dediyim kimi, şanslar bərabərdir. “Zirə”ni çətin matç gözləyir. Təbii ki, Bakıda yaxşı nəticə əldə etmək mümkündür. Amma evdə oynamağımız hələ heç nə demək deyil. Artıq rəqib meydanında vurduğun qol da üstünlük sayılmır. Bu isə o deməkdir ki, hesab yenə 0:0-dır. Hər iki komanda mərhələ adlaya bilər. Burada əsas məsələ oyunçuların fərdi keyfiyyətidir. Kim fərdi səhvə yol verəcəksə, o da büdrəyəcək.
  • Konfrans Liqasındakı digər təmsilçimiz “Sabah” “Sent-Patriks” önündə favorit sayılsa da, ilk görüşdə uduzdu. Bu məğlubiyyəti gözləyirdinizmi? Sizcə, “Sabah” Bakıdakı cavab matçında lazım olan nəticəni əldə edə biləcək?
  • İlk oyunda məğlub olsa belə, “Sabah”ın növbəti mərhələyə çıxmaq şansını yüksək qiymətləndirirəm. Çünki “Sent-Patriks” İrlandiya təmsilçisi olsa da, “Osiyek”lə müqayisə olunası rəqib deyil. “Osiyek” daha güclüdür. Sadəcə, “Sabah”ın oyunçusunun ilk görüşdə heç nədən qırmızı vərəqə alması məğlubiyyətə gətirib çıxartdı. Qırmızı vərəqə olmasaydı, “Sabah”ın səfərdə qol vuracağına əmin idim. Bu cür səhvlər komandanı geri salır. Bakıdakı oyunda hava şəraiti də bizə kömək edə bilər. İrlandiya yağışlı ölkədir. Onların isti havada necə oyun göstərəcəkləri mənə maraqlıdır. “Sabah”ın rəqibi ilə müqayisədə daha keyfiyyətli heyətə sahib olduğunu düşünürəm. Bakıda bu şansı əldən buraxmaq olmaz. Qollar vurub mərhələni keçmək lazımdır.
Shares: