İrlandiyanın “Sent Patriks” klubunun baş məşqçisi Stiven Kenni UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”la keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Futbolinfo.az yerli mətbuata istinadən məlumatına görə, 52 yaşlı mütəxəssis Bakıdakı matça iddialı çıxacaqlarını bildirib.
Kenni ilk görüşdəki performansı davam etdirmək istəyində olduqlarını vurğulayıb: “Futbolçuları kifayət qədər istedadlı olan bir komandaya qarşı ilk oyunda qələbə qazandıq. Bundan əmələ gələn kiçik eyforiya ola bilərdi. Lakin bu, artıq geridə qalıb. Təbii ki, evdəki qarşılaşmada ikinci qolu vura bilsəydik, indi işimiz nisbətən rahat olardı. Bunun üçün çoxsaylı imkanlarımız da oldu. Digər tərəfdən qol buraxmamağımız da vacib amil idi. Cavab qarşılaşmasında həyatımızın ən yaxşı performansını göstərməliyik. Fikrimcə, səfərdə də eyni oyunu ortaya qoya bilsək, pley-offa vəsiqə qazana biləcəyik”.
Qeyd edək ki, sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Sent Patriks” oyunu saat 20:00-da başlayacaq. İrlandiyadakı ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.