UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludoqorets”in “Qarabağ”a 2:7 hesablı məğlubiyyət ilə uduzması Bolqarıstan futbol tarixində antirekord olub.

Futbolinfo.az saytının məlumatına görə, avrokuboklar tarixində ilk dəfə Bolqarıstanda yerli komandanın qapısından 7 top keçirən ilk komanda məhz Azərbaycan çempionu olub.

Buna qədər ən uğursuz nəticə 1977-ci ildə qeydə alınmışdı. Həmin vaxt Sofiya “Lokomotiv”i dogma arenasında “Anderlext”ə 1:6 hesabı ilə uduzub. “Slaviya” və “Liteks” isə müvafiq olaraq 1988 və 1998-ci illərdə “Partizan” və Moskva “Spartak”ı önündə 0:5 hesablı məğlubiyyət acısı dadıblar.

“Ludoqorets”in Avropa arenasında ən böyükhesablı yenilgisi isə ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində “Nordsyellan”la Danimarkadakı matça təsadüf edib – 1:7. Bu komanda 2016-cı ildə “Arsenal”, 2019-cu ildə isə “Espanyol”dan 6 cavabsız qol buraxmışdı.

Qeyd edək ki, ümumi hesabda 8:4 hesablı qələbə qazanan “Qarabağ” Çempionlar Liqasında pley-offa yüksəlib. “Ludoqorets” isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.

Shares: