“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena” müvəqqəti təmirə bağlanıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi sayt vasitəsilə məlumat yayıb.

Bildirilib ki, bir müddət öncə renovasiya işlərinə start verilən meydanın son durumu yenidən araşdırılıb və məlum olub ki, arenanın ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil.

“Ötən mövsümün sonunda stadionun qazonunun dəyişdirilməsinə qərar verilmişdi. Bu istiqamətdə aparılan işlərin cari mövsümün startına kimi tamamlanması və arenanın komandanın istifadəsinə verilməsi planlaşdırılmışdı. Ancaq iyun – iyul aylarında müşahidə olunan anomal istilər səbəbindən ot örtüyünün keyfiyyətinin istənilən səviyyəyə çatdırılmasında problemlər yarandı”, – deyə məlumatda yazılıb.

Arenanın ən yaxşı halda Misli Premyer Liqasının 7-ci turuna hazır olacağı vurğulanıb: “Mövcud vəziyyəti, komandamızın topa yiyələnmə və qısa ötürmələr üzərində qurulmuş oyun üslubunu, futbolçuların zədə riskini nəzərə alan “Neftçi” rəhbərliyi “Neftçi Arena”nın yenidən təmirə bağlanmasına, ot örtüyünün ideal səviyyəyə çatdırılmasına qərar verib. Bununla əlaqədar klubumuz tərəfindən Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlanıb. Yenilənmə prosesinin Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”la keçirəcəyimiz ev oyununa kimi tamamlanması nəzərdə tutulub”.

“Neftçi Arena”nın təmirə bağlanması təqvimdə də dəyişikliklərə səbəb olub: “Tərəflərin razılığına əsasən, “Neftçi”nin ölkə çempionatının 3-cü turunda, avqustun 18-də “Sabah”la keçirəcəyi ev oyunu “Liv Bona Dea Arena”da təşkil olunacaq. Digər razılaşmaya görə, Peşəkar Futbol Liqasının təsdiqi əsasında “Şamaxı” ilə ev oyunlarımızın yeri dəyişdirilib. 5-ci turda keçirilməsi nəzərdə turulan “Neftçi” – “Şamaxı” görüşü Bakıda yox, Şamaxıda oynanılacaq. İkinci dövrənin “Şamaxı” – “Neftçi” matçı isə “Neftçi Arena”da baş tutacaq”.

Shares: