Bir həftə əvvəl Bakıda “Ludoqorets”ə uduzan “Qarabağ”ın səfərdə bu məğlubiyyətin əvəzini çıxacağı gözlənilən idi. Ancaq Bolqarıstanda 7:2 hesablı qələbənin qeydə alınacağı, çətin ki, kiminsə ağlına gələrdi. Dünənki gecə “Qarabağ”ın tarixinə qızıl hərflərlə yazıldı. İllər keçəcək, lakin bu qalibiyyət unudulmayacaq.
Hesab bizi aldatmasın, “Qarabağ” çox çətin sınaqdan üzüağ çıxdı. “Ludoqorets”in necə çətin, təhlükəli komanda olduğunu artıq Bakıdakı görüşdən anlamışdıq. Bolqarıstanda son illərin dəyişməz çempionu, zəngin avrokubok təcrübəsinə malik “Ludoqorets”in oyun tərzi haqda bütün mənfi sözləri işlətmək olar. Kobud oyunu sərt oyunla səhv salan, rəqib futbolçuları zədələməkdən belə çəkinməyən bolqarlar üçün nə yolla olur-olsun, istədiyini nəticəni əldə etməkdən ümdə heç nə yox idi. Qurban Qurbanovun təbirincə desək, bizə xoş olmayan oyun tərzlərinin qarşısını almalıydıq. Üstəlik, komandamızın üzvləri özlərini zədədən qorumalı, rəqib futbolçuların təxribatına uymamalı idi.
Juninyonun 7-ci dəqiqədəki erkən qolundan sonra mərhələ keçəcəyimizə inam artsa da, sonrakı 16 dəqiqə ərzində meydan sahibləri 2 qol vuraraq, vəziyyəti bizim üçün bir qədər də qəlizləşdirdilər. Buraxdığımız qollara müdafiə xəttinin inamsızlığı, qapıçı ilə müdafiəçilər arasındakı anlaşılmazlıq səbəb oldu. Bakıdakı oyunda Bernard Tekpeteyi zədələyən Kevin Medina ilk dəqiqələrdən tribunaların təzyiqinə məruz qalmışdı. Top ona çatan kimi bolqarıstanlı azarkeşlər Medinanı fitə basırdılar. Buraxdığımız ilk qol zamanı Kevinin topu başla uzaqlaşdıra bilməməsi də yəqin təzyiqdən irəli gələn səhv idi. Yaxşı ki, sonrakı dəqiqələrdə bu təzyiqi üzərindən ata bildi.
Qapıçı Fabian Buntiç də dünən inamsız təsir bağışladı. Buraxdığımız ikinci qolda əvvəlcə müdafiəçi ilə arasında anlaşılmazlıq yaşandı. Sonra isə topu uzaqlaşdırmaq istəyərkən “Ludoqorets”in futbolçusunun üzünə zərbə endirdi və penaltiyə səbəb oldu. Hiss olunur ki, hələ komandaya tam uyğunlaşa bilməyib. Qapıçı danışmalı, oyunboyu müdafiə xəttini idarə etməlidir. Buntiçdə çatışmayan xüsusiyyətlərdən biri də məhz budur.
“Qarabağ” iki qol buraxması azmış kimi, fasiləyədək iki aparıcı futbolçusunun xidmətindən də məhrum oldu. Əvvəlcə Marko Veşoviç zədələnərək oyunu davam etdirə bilmədi. Az sonra isə onun həmyerlisi və adaşı olan Yankoviç də sıradan çıxdı. İlk hissədəcə iki məcburi dəyişiklik etmək məcburiyyətində qalan Qurban Qurbanovu əvəzetmədən meydana buraxdığı oyunçular utandırmadılar, əksinə, başıuca etdilər.
İlk hissənin sonundan etibarən “Qarabağ” üstünlüyü tam əlinə keçirdi və bir daha rəqibin oyuna nəzarəti ələ almasına imkan vermədi. Birinci yarıya əlavə olunmuş dəqiqələrdə əvvəlcə Benzia penaltidən fərqləndi, ardınca isə məhz 12 dəqiqə öncə meydana daxil olan Patrik Andrade toru silkələdi.
Ardıcıl qollar bolqarları psixoloji cəhətdən sındırdı. Fasilədən sonra meydanda diqtə edən tərəf “Qarabağ” olsa da, Ağdam klubu 90 dəqiqənin sonunadək növbəti qolunu vura bilmədi. Epizodların birində Abdullah Zubirin sol ayağı ilə qüvvətli zərbəsinin qarşısını qapı çatı kəsdi.
84-cü dəqiqədə “köhlən atlılar”ın daha bir üzvü – Elvin Cəfərquliyev də zədə alaraq, oyunu vaxtından əvvəl tərk etmək məcburiyyətində qaldı. Ancaq onun yerinə meydana daxil olan Toral Bayramov da Patrik Andrade və Mateus Silva kimi ümidləri doğrultdu.
Ümumi hesab bərabər (4:4) olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqəyə ehtiyac duyuldu. Artıq bunadək “Ludoqorets”də axsamalar, yorğunluq açıq-aşkar özünü göstərməyə başlamışdı. Əlavə vaxtda isə meydan sahibləri ancaq qapıdan top çıxartmaqla məşğul oldular. Əvvəlcə Toral Bayramov sol ayağı ilə qüvvətli zərbə vuraraq, toru silkələdi. İkinci əlavə 15 dəqiqədə isə yenə sonradan meydana daxil olan Redon Cica da adını tabloya yazdırdı, Patrik Andrade və Yassin Benzia isə dubllarını rəsmiləşdirdilər. Beləcə həm “Ludoqorets”in məşqçi və “fair-play”dən uzaq futbolçuları layiqli cavablarını aldılar, həm də Razqradın “Huvepharma Arena” stadionuna toplaşan yerli azarkeşlər. “Qarabağ” 7:2 hesablı darmadağınla “Ludoqorets”ə yerini artıqlaması ilə göstərdi.
Bəli, bu, Qurban Qurbanovun “Qarabağ”ıdır! Bu, bizim, Azərbaycanın “Qarabağ”ıdır! Belə gərgin səfər oyununda qələbə qazanmağı, üstəlik, 7:2 hesablı möhtəşəm zəfər əldə etməyi hər komanda bacarmaz. “Qarabağ” “Ludoqorets”i həm taktiki, həm psixoloji, həm də fiziki baxımdan üstələdi. “Köhlən atlılar” bu gedişlə Azərbaycan çempionatından sonra avrokuboklarda da darmadağınları adi hala çevirəcəklər.
Zaqreb “Dinamo”su ilə oyunların nəticəsindən asılı olmayaraq, Qurban Qurbanov və komandası 3-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla futbolumuzda növbəti tarixi yazdı. Bu səviyyəyə gəlib çatmaq üçün məşqçi çox iş görüb, çox əziyyət çəkib. Qarşıda bizi “Qarabağ”ın ifasında daha böyük uğurlar, daha unudulmaz zəfərlər gözləyir.
FƏRİD