“Red Bull” ilə müqavilənin pozulmasından sonra “Porsche”nin Formula 1-də iştirakla bağlı müzakirələr aparmadığı məlum olub. “Red Bull” ilə planlaşdırılan tərəfdaşlığa əsasən, “Porsche” komandanın 50%-nə və onun yeni sahibinə çevriləcəkdi.
Şirkətin idman direktoru Tomas Laudenbax, bu mövzunun bağlandığını açıqlayıb.
“Hazırda Formula 1 bizim maraqlarımız arasında deyil. Çox perspektivli proqramlarımız var, biz hazırda gördüyümüz işlərə köklənmişik.
Müştərilərimizin yarışlarında iştirak edirik: trek günlərindən GT4-ə, monokuboklardan peşəkar GT yarışlarına qədər, Penske ilə birlikdə ən vacib iki dayanıqlı yarış seriyasında iştirak edirik, Formula E-də iştirak edirik. Bütün bunlar şirkətimiz üçün çox vacib və daha perspektivlidir”, – deyə Tomas Laudenbax qeyd edib.