“Turan Tovuz” klubunun braziliyalı hücumçusu Aleks Souzanın futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının III turunda “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazandınız. Derbidə rahat qalib gələcəyinizi düşünürdünüz?
– Derbiyə çox ciddi hazırlaşmışdıq, həftə ərzində məşqlərdə var gücümüzlə çalışmışdıq. Oyuna hərtərəfli, həm fiziki və taktiki, həm də psixoloji cəhətdən hazır idik. Meydana çıxdıq və baş məşqçimizin tələb etdiklərini həyata keçirdik. Nəticədə bu cür inamlı qələbə qeydə alındı. Bizim üçün heç nə işdən üstün deyil. Diqqətimizi cəmləməli və işləməyə davam etməliyik.
– 3 oyundan sonra “Turan Tovuz”un aktivində 7 xal var. Bu cür uğurlu start gözləyirdiniz? Komandanızın çıxışı sizi tam qane edir?
– Reallıq belədir. Baş məşqçimiz gəldiyi ilk gündən bizdən bacarığımızın maksimumunu tələb edir. O, hər birimizə güvən hissini aşılayıb. Bu da hazırlıqlar zamanı bizə kömək edir. Yeni mövsümə çox yaxşı hazırlaşmışdıq. Bu, sezonun ilk oyunlarında öz təsdiqini tapdı. Hələ işlərimiz qaydasında gedir. Komandamız bir ailə kimidir. Biz birlikdə uğur qazanmağa çalışırıq.
– Görüş təxirə salınmasa, növbəti turda “Qarabağ”la üz-üzə gələcəksiniz. Məğlubiyyətsizlik seriyasını bu matçda da davam etdirə biləcəksiniz?
– Bizi çətin oyun gözləyir. Hamı kimi, biz də “Qarabağ”ın gücünə, potensialına bələdik. Buna baxmayaraq, səfərə qələbə üçün yollanacağıq. Bəli, “Qarabağ” güclü rəqibdir, amma bizim də keyfiyyətli komandamız var.
– Cari mövsümdə cəmi 35 dəqiqə meydanda olmusunuz. Əsas heyətə düşə bilməməyinizin səbəbi nədir?
– Yay təlim-məşq toplanışının son günündə dizimdən kiçik zədə aldım, amma ciddi bir şey deyildi. Yavaş-yavaş sıraya dönürəm. Artıq zədə haqda düşünmürəm, bütün fikrimi məşqlərə və oyunlara yönəltmişəm. Üzərimdə daha çox çalışacağam ki, baş məşqçi mənə əsas heyətdə şans verəndə özümü göstərməyə tam hazır olum.
– Baş məşqçiniz Kurban Berdıyev haqda hansı fikirdəsiniz? O, “Turan Tovuz”un sabiq çalışdırıcısı Ayxan Abbasovdan nə ilə fərqlənir?
– Tək onu deyə bilərəm ki, Kurban Berdıyev böyük peşəkardır. Onun “Turan Tovuz”a gəlişindən məmnunam.
– Necə düşünürsünüz, “Turan Tovuz” cari mövsümün yekununda avrokuboklara vəsiqə əldə edə biləcək? Komandanız bunu bacaracaq potensialdadır?
– Hələ çempionat yeni start götürüb, qarşıda çox oyun var. Sadəcə olaraq, diqqətimizi cəmləməli və məşqçimizin bizdən tələb etdiyi hər şeyi meydanda etməliyik.
FƏRİD