“Hər iki oyunda komandamın yanında olub kömək etmək istərdim. Sadəcə, belə alındı və bunda hakimin rolu çox oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev “Fehervar”la matç haqda danışarkən deyib.
Murad “Sumqayıt”dakı ilk oyunda qırmızı vərəqə alaraq öndə olan komandasının uduzmasına səbəbkar olmuşdu. Həmin matçdan sonra futbolçunu qınayan azarkeşlər “kimyaçılar”ın Konfrans Liqasında mübarizəni dayandırmasına görə Xaçayevi səbəbkar bilir.
Müdafiəçi isə artıq həmin oyunları unudub: “Komanda olaraq Konfrans Liqası bizim üçün çox arxada qalıb. Ümumiyyətlə, o barədə düşünmürük. İlk oyunda qırmızı vərəqə aldım. Futbolun içində olan adamlar bilirlər ki, belə hallar hər futbolçunun başına gələ bilər. Ona görə nə komanda yoldaşlarım, nə də məşqçilər tərəfindən hansısa tənqidə məruz qaldığımı demək olmaz. Azarkeşləri isə anlayıram. Hamımız qalib gəlmək istəyirdik. Komandanın dəstəyi ilə bu xoşagəlməz vəziyyətdən tez çıxdım. Düzdü, məni qınayanlar da oldu. Belə insanlara nəsə demək istəmirəm. Hərənin öz fikri var. Mənim üçün əsas məşqçilərimizin fikridir. Amma təbii ki, belə olmasını mən də istəməzdim “.
Xaçayev “Sabah”la matçda meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Artıq çempionatda 3 oyuna çıxmışıq və qarşıdakı oyunlara baxırıq. Qarşıda “Sabah”la çətin səfər matçımız var. Hazırlıqlarımız başlayıb. Məşqçilərin bizə verdiyi tapşırıqlara əməl edib bu oyunda da meydana qalib gəlmək üçün çıxacağıq. Hər il olduğu kimi, bu sezon da komanda olaraq yaxşı oyun göstərib, mümkün qədər çox xal toplayıb, üst sıralarda yer tutmaq istəyirik”.
GÜNAY SÜLEYMANOVA