UEFA Konfrans Liqasında yoluna davam edən “Zirə” tarixində ilk dəfə avrokubokların qrup mərhələsində iştirak edə bilər.
Futbolinfo.az saytının məlumatına görə, Bakı klubunun bu yolda önündə yalnız bir maneə qalıb. Rəşad Sadıqovun yetirmələri pley-off mərhələsində Kipr klubu “Omoniya”nı üstələyərsə, “Qarabağ”la birlikdə avrokubokların qrupunda ölkəmizi təmsil edəcək.
Bəs, “Zirə” bu səddi keçərsə, onu qrupda nə gözləyir? Qəsəbə komandasının reytinqi aşağı olduğundan, avqustun 30-da baş tutacaq püşkatma zamanı sonuncu – 6-cı səbətdə qərarlaşacaq. Ümumilikdə isə 36 komanda hər birində 6 iştirakçı olmaqla 6 səbətə bölünəcək. Hələlik Konfrans Liqasının qrupunda kimlərin yer alacağı bəlli deyil. Qitənin üçüncü dərəcəli turnirinin pley-offunun qalibləri və Avropa Liqasında pley-offun məğlubları qrupda yer alacaqlar.
“Zirə” “Omoniya”nı da üstələməyi bacarsa, “Çelsi”, “Fiorentina”, “Betis”, “Heydenheym” kimi “böyük beşlik” ölkələrinin komandalarını Bakıya gətirə bilər. Qeyd edək ki, “Zirə” “Omoniya” ilə ilk oyununu bu gün Nikosiyada keçirəcək.